Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Azərbaycan Tarixi Muzeyinin təsviri materiallar fondunun müdiri, dekorativ sənət ustası Nardanə Yusifovanın fərdi sərgisi təşkil olunub.
Açılış mərasimində mərkəzin direktoru Akif Maarifli bildirib ki, sərgidə müəllifin Azərbaycan–Özbəkistan memarlıq nümunələrinə və digər mövzulara aid 40-dan çox dekorativ tətbiqi sənət əsəri nümayiş etdirilir.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev qeyd edib ki, Nardanə Yusifova Azərbaycan–Özbəkistan memarlıq abidələri, onların ornamentlərini müqayisəli şəkildə öyrənən dekorativ sənət ustasıdır. Sənətçi Azərbaycan–Özbəkistan qarşılıqlı əlaqələrini, memarlığını, abidələrdəki ornamentləri geniş təsvir edib.
Nardanə Yusifova sərginin təşkili üçün minnətdarlığını bildirib və qardaş ölkələrin memarlığında, dekorativ tətbiqi sənətində oxşar və fərqli üslublardan, qarşılıqlı əlaqələrdən danışıb.
Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri