Son günlər mediada yayılan məlumatlara görə, Ramiz Mehdiyev Azərbaycanda çevriliş planı çərçivəsində xarici dəstək ummaqla və daxili dairələrlə əməkdaşlıq edərək yeni idarəetmə modeli hazırlayıb. Onun gizli hesab edilən məktubunda ölkədə mövcud prezidentlik sisteminin “iflic” olduğunu bildirmək və hökumət strukturunu “50 nəfərlik Dövlət Şurası” adlı qurumla əvəz etməyi təklif etməsi səciyyəvidir. Məktubda isə bu “Dövlət Şurası”nın tərkibində keçmiş və indiki məmurlar, deputatlar, həmçinin müxalifət ruhlu və nüfuzlu şəxslərin də yer alacağı qeyd olunur. Həmçinin, Mehdiyev bu qurumu vasitəsilə qanunverici, icra və məhkəmə hakimiyyətlərini nəzarətdə saxlamağı, baş nazir institutu və yeni parlament modelinə keçməyi arzulayıb.
Maraqlıdır, Mehdiyevin çevriliş planında adı çəkilən bu xarici və daxili dairələr — deputatlar, keçmiş məmurlar və müxalifət təmsilçiləri — həqiqətən onunla birlikdə belə quruluşu formalaşdıra bilərdimi?
Belə bir fon qarşısında ekspert rəyləri və hüquqi qiymətləndirmələr xüsusi önəm daşıyır. Politoloq Azər Qasımov Editor.az-a bildirib ki, Ramiz Mehdiyevin çevriliş planı onun fikrincə ağılsız və reallıqdan uzaqdır:
“Normal düşüncəli insan və ya insanlar qrupu belə fikrə düşməzdi. Azərbaycan dövlətinin indiki nüfuzu və gücü hər vətəndaş üçün aydındır; hakimiyyəti devirmək cəhdləri məntiqsiz və təhlükəlidir. Görünən odur ki, bu şəxslər real dünyadan məhrum olublar — adətən belə hallar əqli və emosional bunalma ilə müşahidə olunur. Onların planları və məqsədləri keçmiş əsrin düşüncə tərzinə aididir və müasir dövlət anlayışı ilə uzlaşmır. Bu, demokratiya adı altında diktatura qurmağa yönəlmiş cəhd idi. Mən hesab edirəm ki, bu şəxslər öncə müvafiq tibbi psixonevroloji müayinə və müalicə almalı, daha sonra isə gördükləri əmələ uyğun hüquqi məsuliyyətə cəlb edilməlidirlər”.
//Gülnarə Abasova, Editor.az