Rusiya Ermənistan üçün mühüm tərəfdaş olmaqda davam edir.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 27-də parlamentin daimi komitələrinin birgə iclasında 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Nazirin sözlərinə görə, Rusiya ilə iqtisadi əlaqələr rəsmi İrəvan üçün önəmlidir.
O, Ermənistanın MDB və Aİİ üzvü olan ölkələrlə münasibətlərinə də toxunub. Mirzoyan xüsusilə vurğulayıb ki, iki struktur çərçivəsində əməkdaşlıq son dərəcə intensiv inkişaf edir. O, Aİİ ilə, xüsusilə Çin, İran, İndoneziya və digər ölkələrlə əməkdaşlığın, Birliyə üzv dövlətlər arasında tərəfdaşlığın vacibliyini xüsusilə vurğulayıb.
Bu kontekstdə nazir qeyd edib ki, nəqliyyat əlaqələrinin bağlanmasından, xüsusən də Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından sonra Ermənistana maraq artıb. Xüsusilə Qazaxıstanla ciddi dialoq gedir. Üstəlik, Ermənistanın baş naziri Nikol Paşinyanın həmin ölkəyə səfəri də hazırlanır.
Diplomat əmindir ki, tədarükü İrəvan və Bakı tərəfindən açıqlanan Qazaxıstan taxılı tezliklə Ermənistana gələcək.
"Hazırda Özbəkistan və Türkmənistanla intensiv müzakirələr aparılır. Bu, logistika və enerji məsələlərinə, hava nəqliyyatının bərpasına və s. aiddir", - hökumət nümayəndəsi bildirib.
AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı Sherg.az-a bildirib ki, Ermənistan Rusiyanın caynağından heç zaman tam qurtula bilməz:

"Təsəvvür edin ki, bir ölkənin ərazisində - Gümrüdə 102-ci Rusiya hərbi bazası yerləşir. Bu isə o deməkdir ki, Ermənistan artıq Rusiyanın forpostuna çevrilib və onun nəzarəti altındadır. Bu baxımdan, xarici işlər nazirinin səsləndirdiyi fikirlərdə həqiqət payı kifayət qədər çoxdur. 2018-ci ildən Paşinyanın hakimiyyətə gəlməsindən sonra hər nə qədər Ermənistan Qərbə meyilli siyasət yürütməyə çalışsa da, bu ölkə heç vaxt regionda Rusiyanın nəzarətindən tam çıxmağı bacarmayacaq. Son dövrlərdə Ermənistan özü də bunu daha aydın şəkildə anlamağa başlayıb. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan tərəfindən darmadağın edilən Ermənistan cəmiyyətində Rusiyaya qarşı ciddi nifrət formalaşmışdı. Onlar düşünürdülər ki, illərlə “havadar” adlandırdıqları Rusiya onları döyüş meydanında tək buraxdı. Bu da təbii olaraq cəmiyyətdə Kremlə nifrət yaratdı. Paşinyan həmin ab-havadan istifadə etməyə çalışdı. Lakin reallıq budur ki, Rusiyanın hərbi bazasını ölkə ərazisindən çıxarmaq onun gücü daxilində deyil. Buna cəhd göstərsə, bu, onun hakimiyyətinin sonu, hətta Ermənistan dövlətçiliyinin taleyi sual altına düşər. Biz oxşar addımların nəticəsini Gürcüstanda və Ukraynada da gördük. Paşinyan da bu təcrübələri nəzərə alır. Ona görə də Mirzoyanın bu açıqlamaları təsadüfi deyil. Ehtimal ki, bu bəyanatlar həm də 2026-cı ilin yayında keçiriləcək seçkilərə hesablanıb. Çünki həmin seçkilər Paşinyanın “davam və ya tamam” mərhələsi olacaq. Buna görə də o, Rusiya ilə münasibətləri tam şəkildə qırmaq istəmir. Əksinə, bir tərəfdən münasibətləri tənqid edir, digər tərəfdən isə balansı qorumağa çalışır. Seçkilərə qədər qalan 8–9 ay ərzində Ermənistan tərəfindən Rusiyaya yönəlik yumşaldıcı açıqlamaların daha tez-tez səslənməsi gözləniləndir".
Analitik əlavə edib ki, Azərbaycanın məhdudiyyətləri aradan qaldırması da Ermənistana “yaşıl işıq” salır:
"Ermənistan cəmiyyətində artıq Azərbaycanla münasibətlərin normallaşmasına meyl artıb. Onlar anlayırlar ki, Azərbaycanla düşmənçiliyi davam etdirmək hər dəfə yalnız itkilərlə nəticələnir. Son 30 il bunun ən bariz sübutudur.
Paşinyan da bunu başa düşür və buna görə də sülhə yönəlik açıqlamaları artırır. O, ABŞ səfərində də sülh sazişinin imzalanmasına hazır olduğunu ifadə edib və artıq bu istiqamətdə müəyyən sənədlərin paraflanması mərhələsinə gəlib. Bu prosesə qarşı ciddi etiraz da müşahidə olunmur. Bütün bunların fonunda Azərbaycanın sərhəd məhdudiyyətlərini aradan qaldırması həm bizim üçün, həm də Ermənistan üçün müsbət hadisədir. Çünki bu, düşmənçilik münasibətlərinin bitməsi, regionda sabitliyin bərqərar olması deməkdir. Azərbaycan öz milli və ərazi məsələlərini artıq həll edib və sülhə hazır olduğunu nümayiş etdirir. Eləcə də Türkiyənin qarşılıqlı məhdudiyyətləri aradan qaldırması, Ermənistan dövlətçiliyinin güclənməsi və iqtisadi, sosial inkişafının təmin olunması üçün əsas şərtlərdəndir. Bu proses yalnız Ermənistanın xeyrinə ola bilər".