Sumqayıtlı şəhid Lətif Şahüseynovun nəşi 33 ildən sonra tapılaraq doğma yurdunda dəfn edilib.
NOCOMMENT.az-ın yerli bürosu xəbər verir ki, Sumqayıt şəhərindən olan şəhid Şahüseynov Lətif Qəribalı oğlunun nəşi 33 ildən sonra tapılaraq kimliyi müəyyənləşdirilərək Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Lətif Şahüseynov 122 mart 1969-cu ildə Sumqayıt şəhərində anadan olub. O, Sumqayıt şəhəri, 42-ci məhəllədə yaşayıb, 29 nömrəli orta məktəbdə 8-ci sinifə qədər təhsil alıb. Daha sonra 41 nömrəli peşə məktəbində təhsilini davam etdirib.
1987-ci ildə Rusiyanın Volqoqrad şəhərinə hərbi xidmətə çağrılan Lətif Şahüseynov xidmətini başa vurduqdan sonra vətənə dönüb. 1992-ci ilin iyun ayında Dağlıq Qarabağda gedən döyüşlərə qoşulub və Milli Ordu sıralarında xidmət edib.
O, 28 iyun 1992-ci ildə Xocavənd uğrunda gedən döyüşlər zamanı itkin düşüb. Uzun illər ərzində taleyi məlum olmayan şəhidin nəşi Zaqatala rayonunun Dağlı kənd qəbiristanlığında naməlum əsgər kimi dəfn olunmuşdu.
2016-cı ildə ailə üzvlərinin verdiyi DNK nümunələri sayəsində şəhidin kimliyi müəyyən edilib.
Lətif Şahüseynov subay olub. Onun atası Şahüseynov Qəribalı İbad oğlu (11.03.1938 – 24.10.2020) və anası Şahüseynova Gülsurə Hacıverdi qızı (01.11.1948 – 25.10.2020) dünyasını dəyişib və Xızı rayonunun Giləzi kənd qəbiristanlığında dəfn olunublar.
