AZ

İlon Mask Grokipedianı təqdim etdi

İlon Mask Grokipedianı təqdim etdi

Texnologiya milyarderi İlon Mask süni intellektlə dəstəklənən və mühafizəkar baxışlara daha yaxın onlayn ensiklopediya olan Grokipedia layihəsini rəsmi şəkildə istifadəyə verib. Mask bildirib ki, yeni platforma bəşəriyyət üçün mədəniyyət baxımından son dərəcə mühüm bir addımdır və kainatı anlama yolunda zəruri bir mərhələ təşkil edir.

Xatırladaq ki, Mask ötən ay iş adamı və Tramp administrasiyasının süni intellekt və kripto məsləhətçisi Devid Saksın təklifi ilə Wikipedia-ya rəqib bir layihə üzərində işlədiyini açıqlamışdı. O, platformanın The New York Times və NPR kimi mənbələrə tez-tez istinad etməsini “qərəzlilik göstəricisi” kimi qiymətləndirmişdi.

Grokipedia-da insan deyil, süni intellekt nəzarəti var

Wikipedia-da məzmun könüllü redaktorlar tərəfindən yaradılıb redaktə olunduğu halda Grokipedia-da məlumatların “Grok” adlı süni intellekt tərəfindən yoxlandığı bildirilir. İstifadəçilər məzmunu birbaşa redaktə edə bilmirlər, lakin yanlış məlumat aşkar etdikdə düzəliş təklifi göndərə bilirlər.

Bəzi Grokipedia səhifələrində məzmunun Wikipedia-dan uyğunlaşdırılaraq yaradıldığı və Creative Commons Attribution-ShareAlike 4.0 lisenziyası altında paylaşıldığı qeyd olunur. Lakin Mask ilin sonuna qədər Grok-un Wikipedia-dan məlumat çəkməsini dayandırmağı planlaşdırdığını açıqlayıb.

İki platforma arasında məzmun baxımından fərqlər nəzərə çarpır

Donald Tramp haqqında Grokipedia səhifəsində Trampın Qətərdən aldığı lüks təyyarə və ya onun adına yaradılmış kriptovalyuta kimi maraq toqquşmaları barədə məlumat yoxdur. Halbuki Wikipedia-da bu məsələlərə ayrıca bölmə həsr edilib.

İlon Maskın səhifəsində isə Wikipedia-da ətraflı şəkildə qeyd olunan yanvarda etdiyi və nasist salamı kimi qiymətləndirilən əl hərəkəti Grokipedia-dan tamamilə çıxarılıb.

Wikipedia: “Məlumatımız hər zaman insan əməyinin məhsulu olacaq”

Wikimedia Fondu Maskın təşəbbüsünə ehtiyatla yanaşaraq belə bir açıqlama yayıb: “Wikipedia-nın məlumatı həmişə insan əməyinin məhsulu olacaq. Müxtəlif mənşəyə malik insanlar ortaq maraq və iştirak sayəsində qərəzsiz və canlı bir bilik mənbəyi yaradırlar. Süni intellekt şirkətləri belə bu bilikdən bəhrələnirlər. Grokipedia-nın mövcudluğu üçün belə Wikipedia-nın varlığı zəruridir.”

Fond həmçinin bildirib ki, keçmişdə də Wikipedia-nın alternativ versiyalarını yaratmaq cəhdləri olub, lakin bunlar platformanın missiyasına təsir göstərməyib.

885 min məqalə ilə fəaliyyətə başladı

Hazırda Wikipedia-da 7,1 milyon ingiliscə məqalə mövcuddur, Grokipedia isə ilkin mərhələdə 885 min məqalə ilə istifadəyə verilib. Saytın versiyası “0.1” kimi etiketlənib ki, bu da gələcəkdə əlavə yeniləmələrin ediləcəyinə işarədir.

Mask və Wikipedia-nın qarşıdurması

Yeni layihə dünyanın ən varlı insanı İlon Maskı internetin ən çox ziyarət edilən saytlarından biri olan Wikipedia ilə birbaşa rəqabətə daxil edir.

Wikipedia 2001-ci ildə Cimmi Ueyls və Larri Sanqer tərəfindən təsis olunub, reklamdan uzaq, mənfəət məqsədi güdməyən bir qurum kimi fəaliyyət göstərir və açıq əməkdaşlıqla insan biliyi vizyonunu davam etdirir.

Sanqer uzun müddətdir ki, Wikipedia-nın anonim redaktorlar və sol meylli məzmun siyasəti səbəbilə qərəzli hala gəldiyini iddia edir. O, keçən ay Takker Karlsona verdiyi müsahibədə bu tənqidlərini təkrarlayıb, Maskın yaxın dostu Devid Sacks isə həmin müsahibəni sosial media platforması X-də paylaşıb.

Grokipedia hələlik erkən giriş mərhələsində olsa da, Maskın süni intellektlə bilik istehsalı vizyonunun növbəti addımı kimi dəyərləndirilir.

Seçilən
35
afn.az

1Mənbələr