AZ

Parlament nümayəndələrimiz nə üçün İrəvandakı PA-nın sessiyasına qatılmadı? - ŞƏRH

Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Avronest Parlament Assambleyasının oktyabrın 28-30-u İrəvanda keçiriləcək 12-ci plenar sessiyasında iştirak etməyəcək.   Bəs, Azərbaycan niyə sessiyada iştirak etmir və bu qərarın Avropa ilə münasibətlərinə təsiri necə olacaq? Bundan başqa, nümayəndə heyətinin iştirak etməməsi İrəvanda keçirilən sessiyaya hansı mesajı verir və mümkün nəticələr nələrdir?   "Bakuinfo" xəbər verir ki, politoloq Züriyə Qarayeva Sfera.az-a açıqlamasında bildirib ki, Azərbaycanın Avronest Parlament Assambleyasının İrəvanda keçiriləcək 12-ci plenar sessiyasında iştirak etməməsi təsadüfi qərar deyil, geosiyasi və diplomatik reallıqlardan doğan zəruri mövqedir. Onun sözlərinə görə, bu qərar ilk növbədə Azərbaycanın dövlət maraqlarına, təhlükəsizlik prioritetlərinə və ədalətli sülh prosesi ilə bağlı prinsipial mövqeyinə əsaslanır:   “İrəvanda keçirilən belə bir tədbirdə iştirak, Ermənistanın hələ tam şəkildə sülh öhdəliklərini yerinə yetirmədiyi, habelə antiazərbaycan ritorikasının davam etdiyi bir vaxtda, Bakı üçün ziddiyyətli siqnal ola bilərdi”.   Politoloq vurğuladı ki, Azərbaycanın Avronest sessiyasına qatılmaması həm də simvolik məna daşıyır:   “Bu addım göstərir ki, Bakı regionda normallaşma prosesinə yalnız real öhdəliklər və qarşılıqlı hörmət əsasında yanaşır. Ermənistanla sülh danışıqları davam edərkən, Avropa platformasında bu ölkənin ev sahibliyi etdiyi tədbirə qatılmaq, diplomatik baxımdan İrəvanın özünü “sülh təşəbbüslərinin mərkəzi” kimi təqdim etməsinə şərait yarada bilərdi. Azərbaycan bu görüntüyə imkan vermədi və bununla həm regional, həm də beynəlxalq səviyyədə prinsipial xəttini qorudu”.   Müsahibimiz qeyd etdi ki,digər tərəfdən, Avronest Assambleyası çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri olaraq qalır:   “Bakı bu platformadan çıxmır, sadəcə, İrəvanda keçirilən sessiyaya qatılmaqdan imtina etməklə konkret situativ mövqe nümayiş etdirir. Bu, Avropa ilə münasibətlərin zəifləməsi demək deyil, əksinə, Azərbaycanın qarşı tərəfdən balanslı və obyektiv münasibət gözlədiyinə dair mesajdır”.   Qarayevanın fikrincə, Azərbaycanın qərarı həm də Ermənistanın “regionda təcrid olunmuş vəziyyətdən çıxmaq üçün diplomatik imkan axtarışları”na cavab xarakteri daşıyır:   “İrəvanda keçirilən Avronest sessiyasına Azərbaycan nümayəndə heyətinin qatılmaması, Bakının Cənubi Qafqazda normallaşmanı yalnız sülh müqaviləsi, Zəngəzur dəhlizi və qarşılıqlı ərazi bütövlüyü prinsipləri təmin olunduqdan sonra real hesab etdiyini göstərir”.   Politoloq son olaraq dedi ki, Azərbaycanın bu qərarı nə Avropaya məsafə, nə də dialoqdan imtina anlamına gəlir. Əksinə, bu, ölkənin diplomatik müstəqilliyinin, prinsipiallığının və regional siyasətdə bərabərhüquqlu münasibət tələb edən yanaşmasının növbəti göstəricisidir.

Seçilən
20
bakuinfo.net

1Mənbələr