Gələn ildən etibarən ölkədə özəl sektorda çalışanlar üçün yeddi il əvvəl tətbiq edilən aylıq gəlir vergisi güzəşti ləğv olunacaq. Bununla bağlı qərar ictimai müzakirələrə səbəb olub. Bəs, alternativ variant kimi, güzəştin mərhələli deyil, hədəfli formada (məsələn, aşağı gəlirli işçilər üçün) saxlanılması mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, gəlir vergisi güzəştlərinin ləğvi büdcə paketi layihəsində nəzərdə tutulub və təkliflər gələn aydan parlamentdə müzakirə olunacaq:

“Bu yeddi illik müddət ümumiyyətlə uzadılmalı idi. Çünki bu dövrdə əsas nəticə ondan ibarət olmuşdu ki, əmək bazarında əmək müqavilələrinin rəsmiləşdirilməsi artmışdı. İndi isə vergilərin bərpası yenidən rəsmi olmayan, “boz” əmək münasibətlərinin yaranmasına səbəb ola bilər.”
Ekspertin sözlərinə görə, bu dəyişiklik nəticəsində rəsmi və real maaşlar arasında fərq yenidən yaranacaq, insanların vergi yükü artacaq:
“Vətəndaş daha çox vergi verəcəksə, deməli, daha az xərcləyəcək. Daha az xərcləmə isə iqtisadiyyatın dövriyyəsini azaldacaq. Bu, iqtisadi nöqteyi-nəzərdən doğru yanaşma deyil.”
Aynurə İsmayıl
KONKRET.az