AZ

Ukrayna Çin və Hindistan mallarına rüsumların 20% artırılmasını təklif edir- ÖZƏL

Ukrayna Ali Radasının deputatları hərbi xərclərin maliyyələşdirilməsi üçün Çin və Hindistan mallarına idxal rüsumlarını 20 faiz artırmağı təklif ediblər. Olaylar.az xəbər verir ki, bu barədə hakim "Xalqın Xidmətçisi" partiyasının deputatı, parlamentin müvafiq komitəsinin üzvü Ruslan Qorbenko məlumat verib. Deputat bildirib ki, 2026-cı il dövlət büdcəsində əlavə 120 milyard qrivna (təxminən 2,85 milyard dollar) vəsait tapmaq lazımdır: "Bunun üçün təklif olunur ki, Çin və Hindistan mallarına idxal rüsumları 10-20 faiz artırılsın. Bu, ABŞ təcrübəsində də tətbiq olunub. Əgər biz bu addımı atsak, əlavə 120 milyard qrivna gəlir əldə edib Silahlı Qüvvələrin maliyyələşdirilməsinə yönəldə bilərik." Qorbenko xatırladıb ki, Ukraynanın 2026-cı il büdcəsi artıq parlamentdə birinci oxunuşdan keçib və deputatlar hərbi xərclərin artırılması ilə bağlı düzəlişlər təqdim ediblər.
O, həmçinin qeyd edib ki, Kiyev Qərb tərəfdaşlarını təqdim etdikləri maliyyə vəsaitlərinin bir hissəsinin sosial deyil, hərbi məqsədlərə yönəldilməsinə icazə verməyə inandırmağa çalışır. Hazırda bu vəsaitlər yalnız sosial proqramlar üçün istifadə oluna bilər. Son illər Ukraynanın büdcəsi rekord səviyyədə kəsirlə tərtib olunur. Ölkənin daxili gəlirləri əsasən yalnız hərbi xərcləri qarşılamağa yetir, digər sahələr isə Qərb yardımı hesabına maliyyələşdirilir. Rəsmi Kiyev etiraf edir ki, artıq ölkənin öz resursları tükənib və yeni maliyyə mənbələri tapmaq getdikcə daha da çətinləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
olaylar.az

1Mənbələr