Bakı, 28 oktyabr, AZƏRTAC
Türkiyənin paytaxtı Ankarada Türk Dünyası Kinematoqrafçılar Forumu keçirilib. Ölkəmizi forumda Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) üzvü, kinorejissor Mübariz Nağıyev təmsil edib.
Bu barədə AZƏRTAC-a AKİ-dən məlumat verilib.
Bildirilib ki, Türkiyə Jurnalistlər Birliyinin sədri Menderes Demirin təşkilatçılığı ilə keçirilən forum 10-cu Türk Dünyası Sənədli Filmlər Festivalı ilə eyni vaxta təsadüf edib.
Mübariz Nağıyev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayevin festivalın yubileyi ilə əlaqədar təbriklərini və Türk Dünyası Kinematoqrafçılar Forumuna salamlarını çatdırıb.
Forumda ölkələrimiz və xalqlarımız arasında kino əməkdaşlığı və perspektivləri müzakirə olunub.
Hakim Ədalət və İnkişaf Partiyasının (AKParti) sədr müavini Kürşad Zorlu və Türkiyə Mədəniyyət və Turizm Nazirinin müavini Batuhan Mumcu forum iştirakçıları ilə görüşüblər.
Forumun gələcəkdə də davam etdirilməsi planlaşdırılır.