"Süni intellekt anlayışı qlobal miqyasda təhsilin konseptual mahiyyətini dəyişdirən əsas innovativ faktor kimi çıxış edir. Təhlil göstərir ki, XXI əsrin ikinci rübünə daxil olduğumuz bir dövrdə süni intellekt artıq yalnız elmi-tədqiqat və texnoloji istehsalın deyil, həm də tədris prosesinin, qiymətləndirmə modelinin və kadr siyasətinin ayrılmaz hissəsinə çevrilib. Müasir ali təhsilin keyfiyyət meyarları artıq yalnız akademik biliklərlə deyil, həm də süni intellekt texnologiyalarının tətbiqi səviyyəsi ilə müəyyən olunur. Bu kontekstdə Azərbaycanda da son dövrlərdə Elm və Təhsil Nazirliyinin təşəbbüsləri ilə keçirilən süni intellekt mövzusundakı seminarlar, təlimlər və forumlar bu sahədə yeni mərhələnin başlanğıcını formalaşdırır".
Bu fikirləri Redaktor.az-a təhsil eksperti Kamran Əsədov süni intellektin təhsil sahəsindəki rolundan danışarkən bildirdi.
Onun sözlərinə görə, ETN son iki ildə “AI in Education” konsepsiyasının ilkin versiyasını hazırlayıb, ADA Universiteti, Bakı Mühəndislik Universiteti və Bakı Dövlət Universitetində süni intellekt üzrə pilot fənlərin tətbiqinə start verib:
"Bundan əlavə, “Google for Education”, “Microsoft AI Lab” və “UNESCO Innovation Hub” kimi beynəlxalq tərəfdaşlarla əməkdaşlıq platformaları yaradılıb. Bu təşəbbüslər nəticəsində artıq 2025-ci ilin sonuna qədər 200-dən çox müəllimin və 3000-dən çox tələbənin süni intellektin əsas modulları üzrə təlim keçməsi planlaşdırılır. Bu, təhsil sistemində keyfiyyətli rəqəmsal kadr hazırlığının başlanğıcıdır və regional ölçüdə böyük nailiyyətdir.
Müsbət tərəf ondan ibarətdir ki, süni intellektin tətbiqi tədris prosesini fərdiləşdirir və öyrənmə səmərəliliyini artırır. Məsələn, ABŞ-də “AI-supported learning analytics” modellərinin tətbiqi nəticəsində tələbələrin fənlər üzrə müvəffəqiyyət göstəriciləri 14%, Yaponiyada isə 17% artıb. Süni intellekt vasitəsilə tələbənin fərdi öyrənmə tempi, maraqları və zəif tərəfləri analiz olunur, müəllim isə bu məlumatlar əsasında fərdi yanaşma formalaşdıra bilir. Bu model təhsildə keyfiyyətin kəmiyyət üzərində üstünlüyünü təmin edir.
Bununla yanaşı, mənfi tərəfləri də nəzərə almaq lazımdır. Süni intellektin tətbiqi üçün ali məktəblərdə yüksək səviyyəli texniki infrastruktur, lisenziyalı proqram təminatı və peşəkar kadr bazası tələb olunur. Hazırda Azərbaycanda ali təhsil müəssisələrinin cəmi 28%-ində bu infrastruktura tam uyğun laboratoriya şəraiti mövcuddur. Eyni zamanda, müəllimlərin yalnız 21%-i süni intellekt və data analitikası üzrə metodoloji hazırlığa malikdir. Bu reallıq göstərir ki, süni intellekt fənlərinin tətbiqi paralel şəkildə kadr hazırlığı, müəllim təlimləri və texniki modernizasiya ilə müşayiət olunmalıdır.
Dünya təcrübəsi göstərir ki, süni intellekt təhsilin məzmununa yalnız texnoloji deyil, həm də etik və hüquqi aspektdən daxil olmalıdır. Finlandiyada “AI and Society”, İngiltərədə “Ethics of Algorithms”, ABŞ-də “AI and Human Responsibility” adlı fənlər tələbələrə süni intellektin sosial nəticələrini dəyərləndirməyi öyrədir. Azərbaycan ali təhsili üçün də bu model faydalı olardı, çünki süni intellektin düzgün tətbiqi yalnız texniki bacarıq deyil, həm də etik məsuliyyət tələb edir".
K.Əsədov qeyd etdi ki, əgər süni intellekt tədrisinə sistemli yanaşma həyata keçirilərsə, gələcəkdə mühüm dəyişikliklər baş verəcək:
"Əvvəla, universitetlər elmi-tədqiqat yönümlü fəaliyyətini genişləndirəcək, ikinci olaraq, əmək bazarına çıxan gənclər artıq yalnız nəzəri biliklərlə deyil, tətbiqi bacarıqlarla da silahlanmış olacaqlar. Bu isə milli innovasiya ekosisteminin formalaşmasına təkan verəcək.
Bu prosesin daha səmərəli olması üçün ali təhsildə dövlət-özəl tərəfdaşlıq mexanizmlərinin genişləndirilməsi vacibdir. Nazirliyin son dövrlərdə “Azərbaycan Rəqəmsal Universiteti” təşəbbüsünü irəli sürməsi və universitetlərdə “AI Education Hub”ların yaradılmasını dəstəkləməsi bu baxımdan strateji əhəmiyyət daşıyır.
Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi süni intellektin tədrisə inteqrasiyasını yalnız texnologiya kimi deyil, həm də gələcək iqtisadi və elmi inkişafın əsas dayağı kimi görür. Bu, çox doğru və uzaqgörən yanaşmadır. Nazirliyin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan ali təhsili yaxın illərdə regional liderliyə yüksələ bilər. Süni intellektin dərs mühitinə daxil edilməsi təhsil sistemini daha dinamik, müasir və şəffaf edəcək. Dəyişməli olan yalnız proqramlar deyil, həm də düşüncə modelidir - bilik ötürən yox, bilik yaradan universitetlər dövrü başlayır".
Aytəkin TOFİQQIZI