Gəncədə çalışdığı marketdə iş yoldaşını qətlə yetirən 2005-ci il təvəllüdlü Sənan Şəfiyevə hökm oxunub.
Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilib.
Qeyd edilib ki, hadisə ötən il dekabrın 22-də "Daş Körpü" adlanan ərazidə yerləşən marketdə baş verib. Belə ki, marketdə satıcı-kassir işləyən Sənanla 1998-ci il təvəllüdlü satıcı Məhəbbət Hüseynov arasında süd məhsullarının yerləşdirilməsinə görə mübahisə olub. Bu zaman Sənan kolbasa doğramaq üçün istifadə edilən bıçağı götürərək ona hücum edib və qətlə yetirib.
Mərhumun yaxınları bildiriblər ki, hadisə zamanı Məhəbbət Sənanın üstünə dabankeşlə getsə də, qarşı tərəf bıçağa əl atıb. Onlar hadisəni əks etdirən kamera görüntülərinin olduğunu söyləyiblər və S.Şəfiyevə ən ağır cəzanın verilməsini tələb ediblər.
Məhkəmənin hökmü ilə Sənana 12 il həbs cəzası verilib.