Analitiklər Vaşinqtonu Tehranın güclənməsinə imkan verməməyə çağırır...
Poliqon xəbər verir ki, ABŞ-də fəaliyyət göstərən “Amerikan Sahibkarlıq İnstitutu” (American Enterprise Institute) xəbərdarlıq edib: əgər Vaşinqton İranın və onun müttəfiqlərinin hazırkı zəifləməsindən istifadə etməsə, Yaxın Şərqdə vəziyyət nəzarətdən çıxa bilər və bu, ABŞ üçün “fəlakətli nəticələr” doğurar.
Mərkəzin analitiklərinin qiymətləndirməsinə görə, İran və onun dəstəklədiyi “Müqavimət oxu” son illərin ən zəif mərhələsindədir. Lakin əgər bu fürsət dəyərləndirilməzsə, Tehran və onun tərəfdaşları – Çin, Rusiya və Şimali Koreya ilə əməkdaşlığı dərinləşdirərək, ABŞ-ın qlobal təsirini sarsıda bilərlər.
Hesabatda qeyd olunur ki, ABŞ bir daha diqqətsizlik nəticəsində regionda qəfil böhranla üzləşməməlidir. Analitiklər xatırladır ki, Vaşinqtonun əvvəlki passivliyi HƏMAS-ın İsrailə hücumuna və Yaxın Şərqdə gərginliyin artmasına gətirib çıxarmışdı. Bu cür yeni bir böhran ABŞ-ın digər qlobal rəqiblərlə – xüsusilə Çin və Rusiya ilə rəqabətində diqqət və resurs itkisinə səbəb ola bilər.
İnstitut Vaşinqtona bir sıra konkret addımlar təklif edib:
İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün müttəfiqlərlə əməkdaşlığın gücləndirilməsi;
HƏMAS-dan asılı olmayan yeni Fələstin administrasiyasının formalaşdırılmasına dəstək;
İsrail və Livan arasında atəşkəs razılaşmasının təmin edilməsi və “Hizbullah”ın cənubdan çıxarılması;
Suriyanın sabitləşdirilməsi və Bəşər Əsəd rejiminin qalıqlarına qarşı mübarizə;
İran təsirindən uzaq, müstəqil İraq siyasətinin dəstəklənməsi;
Husilərin beynəlxalq dəniz daşımalarına və ABŞ müttəfiqlərinə hücumlarının qarşısının alınması.
Analitiklər vurğulayırlar ki, Vaşinqtonun qəti və koordinasiyalı addımları yalnız regionda sabitliyi qorumaq üçün deyil, həm də ABŞ-ın qlobal liderlik mövqeyini bərpa etmək üçün vacibdir. Onların fikrincə, hərəkətsizlik yeni geosiyasi böhrana gətirib çıxara və Vaşinqtonun strateji nüfuzuna ciddi zərbə vura bilər.
Poliqon.info