AZ

Media: Macarıstan, Çexiya və Slovakiya Aİ-də “anti-Ukrayna” birliyi yaradır

Budapeşt, 28 oktyabr, AZƏRTAC

Macarıstan Çexiya və Slovakiya ilə birlikdə Avropa İttifaqı (Aİ) daxilində yeni bir siyasi blok yaratmaq niyyətindədir ki, bu da Kiyevə dəstəyi əhəmiyyətli dərəcədə zəiflədə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə POLITICO-nun bugünkü sayında dərc olunan məqalənin müəllifi Nikolas Vinokur yazıb.

Macarıstan Baş nazirinin müşaviri Balaş Orban Budapeştin növbəti Aİ sammitindən əvvəl mövqeləri əlaqələndirmək üçün Çexiya və Slovakiya liderləri - müvafiq olaraq Andrey Babiş və Robert Fiko ilə danışıqlar apardığını təsdiqləyib.

Onun sözlərinə görə, ideya sadədir. “Biz miqrasiya böhranı zamanı bu prinsip üzrə artıq uğurla hərəkət etmişdik”, - deyə müşavir bildirib. Daha sonra dörd ölkə (Macarıstan, Çexiya, Slovakiya və Polşa) Brüsselin təşəbbüslərini bloklaya biliblər. Hazırkı vəziyyət də oxşardır - yalnız Polşa yeni blokda iştirak etmir.

Əgər uğur qazanılarsa, üç ölkə blokunun Avropa İttifaqından Ukraynaya gələcək hərbi və maliyyə yardımının qarşısını almaq üçün veto hüququndan istifadə edəcəyi və ya koalisiyalar quracağı ssenarisi mümkündür.

Ekspertlər qeyd edirlər ki, xüsusən də müharibədən və onunla əlaqəli iqtisadi nəticələrdən narazı olan qonşu ölkələrin Brüsselə artan təzyiqi nəzərə alınmaqla, belə bir birləşmə Aİ-nin birliyi və Ukrayna ilə bağlı siyasəti üçün ciddi sınaq ola bilər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Seçilən
15
4
azertag.az

5Mənbələr