Bağdad Tehran və Dəməşq arasında diplomatik əlaqələrin bərpasında gizli rol oynayır...
Poliqon xəbər verir ki, İraq son aylarda İran və Suriya arasında münasibətlərin bərpasında əsas vasitəçi kimi çıxış edir. New Region nəşrinin məlumatına görə, Suriyada hakimiyyət dəyişikliyindən sonra Tehran öz mövqelərini qorumaq üçün Bağdadın diplomatik kanallarından istifadə etməyə başlayıb.
Məlumatlı mənbələrin bildirdiyinə görə, İraq hökuməti son aylarda bir neçə gizli diplomatik missiya həyata keçirib. Bu missiyalarda kəşfiyyat və xarici işlər strukturlarının yüksək rütbəli nümayəndələri iştirak ediblər. Onlar Dəməşqə səfər edərək yeni suriyalı rəhbərliklə əlaqələrin bərpası, əməkdaşlığın formatı və kommunikasiya kanallarının açılması istiqamətində danışıqlar aparıblar.
Mənbələr qeyd edir ki, Tehran Bağdaddan Dəməşqlə diplomatik təmasların bərpasında yardım istəyib. Məqsəd Suriyada Bəşər Əsədin hakimiyyətdən getməsindən sonra İranın hərbi və iqtisadi maraqlarını qorumaqdır.
Ekspertlər hesab edirlər ki, Bağdad bu missiya ilə öz regional nüfuzunu artırmağa çalışır. İraqın həm İran, həm də Suriya ilə dərin tarixi və siyasi əlaqələri ona bölgədə yeni diplomatik mərkəz rolunu oynamaq imkanı verir. Bu, həm də İraqın regionda sabitləşdirici aktor kimi imicini gücləndirə bilər.
Analitiklərin fikrincə, Tehran yaxın aylarda ehtiyatlı şəkildə addımlar atacaq. O, ölkə daxilindəki radikal dairələri qıcıqlandırmamaq üçün Suriya ilə münasibətlərin açıq şəkildə bərpasını ləngidə bilər. Bununla belə, İran və Suriya arasında təhlükəsizlik və iqtisadi maraqların kəsişməsi fonunda münasibətlərin mərhələli şəkildə istiləşəcəyi gözlənilir.
Poliqon.info