Kiyev ABŞ, Fransa və İsveçlə F-16, Gripen və Rafale qırıcılarının alınması barədə danışıqlar aparır...
Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin yaxın illərdə 250 yeni döyüş təyyarəsi əldə etməyi planlaşdırdığını açıqlayıb. Dövlət başçısının sözlərinə görə, bu plan çərçivəsində ABŞ, Fransa və İsveç hökumətləri ilə F-16, Gripen və Rafale tipli təyyarələrin alınması barədə danışıqlar aparılır.
“Bizim gələcəkdəki döyüş aviasiyamız üçün ümumi hədəf – 250 yeni təyyarədən ibarət bir donanmadır”, deyə Zelenski bildirib. O vurğulayıb ki, İsveç istehsalı olan JAS-39 Gripen qırıcıları Ukrayna üçün prioritet sayılır: “Bu təyyarələrin texniki xidməti ən ucuzudur, həm də silah sistemlərinin tətbiqi baxımından çox rahatdır... demək olar ki, bütün növ silahları daşıya bilir”.
Zelenski həmçinin qeyd edib ki, İran mənşəli “Şahed” pilotsuz uçuş aparatları indi ballistik raketlərdən daha təhlükəli hala gəlib: “Biz ballistik raketləri, ən azı ‘Patriot’ sistemlərinin yerləşdiyi ərazilərdə vura bilirik. Amma çoxlu sayda ‘Şahed’i yüksək hündürlükdə vurmaq üçün bütün vasitələrdən istifadə etməliyik – qırıcılar, F-16-lar, vertolyotlar, bütün imkanlarımızı səfərbər edirik. Həm də çox şey hava şəraitindən asılıdır. Don zamanı vertolyotları necə istifadə edəcəyimizi görəcəyik. Yağış, duman – bunlar aviasiyanın görmə imkanlarını məhdudlaşdırır”.
Ekspertlərin fikrincə, bu plan Ukraynanın uzunmüddətli müdafiə strategiyasının bir hissəsidir və Kiyev Qərb texnologiyalarına əsaslanan yeni nəsil hava qüvvələri formalaşdırmaq niyyətindədir.
Poliqon.info