AZ

Azərbaycanda Aİ-95 benzininin istehsalı kəskin azaldı – qiymətlər bahalaşacaq?

Azərbaycanda Aİ-95 markalı avtomobil benzininin istehsalı kəskin azalıb. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 067,54 min ton Aİ-92 markalı avtomobil benzini istehsal olunub, bu da illik müqayisədə 2,1% artım deməkdir. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə ölkədə 13,8 min ton Aİ-95 markalı avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 45,02% azalıb. Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə 1 081,3 min ton avtomobil benzini istehsal olunub, bu da illik müqayisədə 1% çoxdur.
 
Bu azalma daxili bazarda bahalaşmaya səbəb ola bilərmi?
 
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib ki,  Azərbaycanda Aİ-95 markalı avtomobil benzininin istehsalı  yarıbəyarı azalıb:
 
“Azərbaycanda Aİ-95 markalı avtomobil benzininin istehsalının kəskin azalmasının səbəbini yalnız Azərbaycan Dövlət Neft Şirkəti cavablandıra bilər. 2014-cü ilin aprelindən Azərbaycanda yüksək oktanlı benzinin qiyməti daxili bazara və istehsala əsaslanmır, bu, xarici bazardan asılıdır. Bu illər ərzində  Azərbaycanda Aİ-95 markalı avtomobil benzini istehsal olunmayıb. Ötən il  Aİ-95 markalı avtomobil benzininin istehsalına  başlamışıq, amma çox kiçik həcmdə.  Azərbaycanda Aİ-95 markalı avtomobil benzininin istehsalı  ötən illə müqayisədə azalıb. Ümumiyyətlə, ölkədə benzinin qiyməti xarici bazardan asılıdır. Xarici bazarda xam neftin qiyməti ötən illə müqayisədə aşağı düşüb və buna görə benzinlərin qiyməti də ucuzlaşıb. Ona görə bahalaşma üçün heç bir obyektiv səbəb yoxdur”.
 
 
Mehin Mehmanqızı
 
Seçilən
28
moderator.az

1Mənbələr