AZ

“Real”a bir qol kifayət etdi, “Bude/Qlimt” “cəhənnəmdən” çıxa bilmədi - İCMAL

İkinci oyun gününün ilk matçları meydan sahibləri üçün uğurlu alındı.

"Football-plus.az" xəbər verir ki, Bilbaoda “Qarabağa”a hətta erkən qol da yardım etmədi. “Atletik” ağdamlıların müqavimətini yalnız 2-ci hissədə qıra bildisə, “Bude/Qlimt” İstanbul “cəhənnəmində” özünü itirərək çox tez “ağ bayraq qaldırdı”. Maraqlıdı ki, qonaqların baş məşqçisi oyuna qulaqcıqla çıxmışdı. Belə atmosferdə oynamağa alışmayan norveçlilər müdafiədə yol verdikləri kobud səhvlərlə bir saat ərzində 3 top buraxdılar. “Qarabağ” kimi “Bude/Qlimt” də bu mövsüm ÇL-də ilk məğlubiyyətlə barışmalı oldu.

Digər matçlara gəlincə, günün mərkəzi oyununda “Real” çətinliklə də olsa, “Yuventus”un müqavimətini qıra bildi. Madrid nəhəngi oyunu 27 zərbə ilə tamamladı. “Çərçivə”yə gedən 10 zərbədən isə yalnız biri qolla yekunlaşdı. Zədədən qayıdandan sonra əvvəlki səviyyəsini bərpa etməkdə çətinlik çəkən Bellingem mövsümdə ilk qolunu vuraraq “Real”a vacib qələbə qazandırdı. “Yuve” əks-hücumlarda yaxşı fürsətlər yaxalasa da, Kurtua vacib anlarda səhnəyə çıxmağı bacardı. Maraqlıdı ki, 20 yaşlı türkiyəli ulduz Kənan Yıldız “Bernabeu”da “Yuve”ni meydana kapitan kimi çıxarmışdı! “Kral klubu” bu mövsüm 12-ci rəsmi oyunda 11-ci qələbəsini qazandı. “Yuventus”un isə bütün turnirləri nəzərə almaqla qələbəsiz seriyası 7 oyuna yüksəldi. Bu, 2009-dan bəri turinlilərin ən uğursuz seriyasıdı!

“Liverpul” 4 oyunluq şok məğlubiyyət seriyasına Frankfurtda qazandığı parlaq və əzmkar qələbə ilə son qoydu. “Ayntraxt” ilk yarının ortalarında hesabı açsa da, Salahın ehtiyatda qaldığı matçda “Liverpul” hələ fasiləyə qədər intriqanı öldürməyə müvəffəq oldu. “Bavariya” və “Çelsi”nin rahat qələbəsi sürpriz olmadı. “Brügge” və “Ayaks” hazırda, uyğun olaraq, Münhendə və Londonda xal qazanacaq səviyyədə deyil. Özü də Amsterdam nəhəngi “Stemford Bric”də artıq 15-ci dəqiqədə azlıqda qaldı. Keyn isə ardıcıl 10-cu rəsmi oyunda meydanı qolsuz tərk etmədi. Bu, mövsüm klub və yığma səviyyəsində 15 matçda onun hesabında 23 qol var! Yaxşı formada olan “Marsel” Lissabonda erkən qol vuraraq inamlı oyun sərgiləyirdi. Amma Emersonun fasilə ərəfəsində qısa müddət ərzində iki sarı vərəqə almasından sonra matçın axarı 180 dərəcə dəyişdi. “Sportinq” fasilədən sonra iki qol vurmaqla əzmkar qələbə qazandı. “Marsel”in isə 5 oyunluq qələbə seriyası başa çatdı. Evdə ingilislərə qarşı yaxşı statistikaya malik olan “Monako” “Mançester Siti”nin ardından “Tottenhem”dən də xal almağı bacardı. London klubu bu mövsüm hələ də səfərdə uduzmayıb. “Atalanta”nın evdə “Slaviya”nın müqavimətini qıra bilməməsi isə sürpriz oldu.

liqa mərhələsi, 3-cü tur
Qalatasaray – Bude/Qlimt 3:1 (1:0)

Qalatasaray (İstanbul, Türkiyə): Uğurcan Çakır, Şallai, Sançes, Əbdülkərim Bardakcı, Yakobs, Torreyra (Berkan Kutlu, 88), Lemina (Sara, 65), Sane, Yunus Akgün (Kaan Ayhan, 73), Barış Alpər Yılmaz (Ərən Elmalı, 65), Osimhen (İkardi, 73).
Bude/Qlimt (Norveç): Haykin, Şevold, Byortuft, Alisami (Nilsen, 69), Byorkan (Maatta, 81), Berq, Evyen (Klyunqe, 88), Fet (Bassi, 69), Eklenn, Hauqe, Hoq (Helmersen, 69).
Qollar: Osimhen, 3 (1:0). Osimhen, 33 (2:0). Yunus Akgün, 60 (3:0). Helmersen, 75 (3:1).
Vərəqələr: Byorkan, 51. Yakobs, 89 – sarı.
Hakim: Maykl Oliver (İngiltərə).
22 oktyabr. İstanbul. 45275 tamaşaçı.

Real – Yuventus 1:0 (0:0)
Real (Madrid, İspaniya): Kurtua, Valverde, Militao, Asensio (Q.Qarsiya, 88), Karreras, Çuameni, Arda Gülər (Kamavinqa, 74), Cud Bellingem, Dias (Mastantuono, 84), Vinisius (F.Qarsiya, 84), Mbappe.
Yuventus (Turin, İtaliya): Di Qreqorio, Kalulu, Qatti, Ruqani, Kelli, Kambyaso (Kostiç, 88), K.Türam (Konseysao, 62), Makkenni, Koopmayners (Lokatelli, 74), Kənan Yıldız (Openda, 74), Vlahoviç (David, 74).
Qol: Cud Bellingem, 57.
Vərəqə: Dias, 61 – sarı.
Hakim: Slavko Vinçiç (Rumıniya).
22 oktyabr. Madrid. 76521 tamaşaçı.

Ayntraxt F – Liverpul 1:5 (1:3)
Ayntraxt (Frankfurt, Almaniya): Setterer, Kristensen (Kollins, 59), Kox, Amenda, Teate, Braun, Larsson, Götse (Can Uzun, 64), Knauff (Skiri, 76), Doan (Çaibi, 64), Bahoya (Burkardt, 59).
Liverpul (İngiltərə): Mamardaşvili, Frimponq (Bredli, 19), Konate (Co Qomes, 74), Van Diyk, Robertson, Cons, Soboslai, Virts, Ekitike (Salah, 74), Qakpo (Makallister, 74), İsak (Kyeza, 46).
Qollar: Kristensen, 26 (1:0). Ekitike, 35 (1:1). Van Diyk, 39 (1:2). Konate, 44 (1:3). Qakpo, 66 (1:4). Soboslai, 70 (1:5).
Vərəqələr: Doan, 52. Amenda, 54 – sarı.
Hakim: Fransua Letesye (Fransa).
22 oktyabr. Frankfurt. 58700 tamaşaçı.

Çelsi – Ayaks 5:1 (4:1)
Çelsi (London, İngiltərə): Yorgensen, Kaysedo (Aşimponq, 49), Fofana, Adarabioyo (Çaloba, 46), Hato, E.Fernandes (A.Santos, 46), Lavia (Uolş, 66), Buonanotte, Estevao, Gittens, Giyu (Corc, 46).
Ayaks (Amsterdam, Niderland): Pasveer, Roza (Qoey, 84), İtakuro, Sutalo, Baas, Teylor, Qlux (Mokio, 23), Makkonnell (Reqeer, 79), Moro, Qodts (Fits-Cim, 84), Veqhorst (Klaassen, 46).
Qollar: Qiyu, 18 (1:0). Sutalo, 27-öz qapısına (2:0). Veqhorst, 33-p. (2:1). E.Fernandes, 45-p. (3:1). Estevao, 45+6-p. (4:1). Corc, 48 (5:1).
Vərəqələr: Adarabioyo, 31. Veqhorst, 45+5. Estevao, 56 – sarı. Teylor, 15 – qırmızı.
Hakim: Feliks Svayer (Almaniya).
22 oktyabr. London. 38947 tamaşaçı.

Bavariya – Brügge 4:0 (3:0)
Bavariya (Münhen, Almaniya): Noyer, Laymer, Upamekano (Kim Min Ce, 81), Ta, Gerreyro (Bişof, 69), Kimmix, Pavloviç, Karl (Qoretska, 69), Olise, Dias (Mayk, 81), Keyn (Cekson, 69).
Brügge (Belçika): Yakers, Sabbe (Sike, 46), Ordonyes, Mexele, Mayer, Stankoviç, Vanaken, Audoor (Sandra, 66), Forbs (Spileers, 46), Solis (Diakon, 80), Trezoldi (Vermant, 66).
Qollar: Karl, 5 (1:0). Keyn, 14 (2:0). Dias, 34 (3:0). Cekson, 79 (4:0).
Vərəqə: Kim Min Ce, 90+1 – sarı.
Hakim: Donatas Rumşas (Litva).
22 oktyabr. Münhen. 75000 tamaşaçı.

Sportinq – Marsel 2:1 (0:1)
Sportinq (Lissabon Portuqaliya): Rui Silva, Fresneda (Alisson Santos, 80), Debast (Diomande, 80), İnasio, M.Arauxo (Reys, 90+3), Hyulmann, Simoeş (İoannidis, 64), Kenda (Katamo, 64), Trinkao, Qonsalveş, Suares.
Marsel (Fransa): Rulyi, Vea (U.Qarsiya, 67), Pavar, Aqerd, Balerdi, Emerson, Höyberq, Vermeeren (O`Rayli, 46), Payşao (E.Qomes, 67), Qrinvud (Murilyo, 46), Obameyanq (Vaj, 82).
Qollar: Payşao, 14 (0:1). Katamo, 69 (1:1). Alisson Santos, 86 (2:1).
Vərəqələr: Balerdi, 2. Emerson, 39. M.Arauxo, 90. Pavar, 90. Qonsalveş, 90+5 – sarı. Emerson, 45+2 – qırmızı (ikinci sarı).
Hakim: Rade Obrenoviç (Sloveniya).
22 oktyabr. Lissabon. 46766 tamaşaçı.

Monako – Tottenhem 0:0
Monako (Fransa): Kön, Diatta (Qolovin, 57), Kerer, Salisu, K.Enrike, Uattara (Mavissa, 70), Teze, Kulibali, Akliuş, Fati (Minamino, 70), Baloqan (Biret, 83).
Tottenhem (London, İngiltərə): Vikario, Porro, Qrey, Danso, Van De Ven, Palyinya, Bentankur (Sarr, 60), Berqvall (Simons, 60), Odober (Conson, 70), Kudus (Spens, 79), Rişarlison (Kolo Muani, 70).
Vərəqə: Rişarlison, 47 – sarı.
Hakim: Marko Quida (İtaliya).
22 oktyabr. Monako. 11365 tamaşaçı.

Atalanta – Slaviya 0:0
Atalanta (Berqamo, İtaliya): Karnesekki, Zappakosta (Bellanova, 74), Kossunu, Hin, Cimşiti, Bernaskoni (Zalevski, 46), De Roon, Ederson, De Ketelare (Samarciç, 90+1), Lukman (Sulemana, 62), Krstoviç (Skamakka, 62).
Slaviya (Praqa, Çexiya): Markoviç, Boril, Vlçek (Sanyanq, 88), Zima, Mboci (Sadilek, 61), Zafeyris, Dorli, Mozes (Xaloupek, 68), Kuşey (Prekop, 88), Provod, Xorı.
Vərəqələr: De Roon, 51. Boril, 87. Prekop, 90+4. Cimşiti, 90+4 – sarı.
Hakim: Rikardo De Burqos (İspaniya).
22 oktyabr. Berqamo. 22152 tamaşaçı.

1. PSJ 3 3 0 0 13-3 9
2. Bavariya 3 3 0 0 12-2 9
3. İnter 3 3 0 0 9-0 9
4. Arsenal 3 3 0 0 8-0 9
5. Real 3 3 0 0 8-1 9
6. Borussiya D 3 2 1 0 12-7 7
7. Mançester Siti 3 2 1 0 6-2 7
8. Nyukasl 3 2 0 1 8-2 6
9. Barselona 3 2 0 1 9-4 6
10. Liverpul 3 2 0 1 8-4 6
11. Çelsi 3 2 0 1 7-4 6
12. Sportinq 3 2 0 1 7-4 6
13. Qarabağ 3 2 0 1 6-5 6
14. Qalatasaray 3 2 0 1 5-6 6
15. Tottenhem 3 1 2 0 3-2 5
16. PSV 3 1 1 1 8-6 4
17. Atalanta 3 1 1 1 2-5 4
18. Marsel 3 1 0 2 6-4 3
19. Atletiko 3 1 0 2 7-8 3
20. Brügge 3 1 0 2 5-7 3
21. Atletik 3 1 0 2 4-7 3
22. Ayntraxt F 3 1 0 2 7-11 3
23. Napoli 3 1 0 2 4-9 3
24. Yunion 3 1 0 2 3-9 3
25. Yuventus 3 0 2 1 6-7 2
26. Bude/Qlimt 3 0 2 1 5-7 2
27. Monako 3 0 2 1 3-6 2
28. Slaviya 3 0 2 1 2-5 2
29. Pafos 3 0 2 1 1-5 2
30. Bayer-04 3 0 2 1 5-10 2
31. Vilyarreal 3 0 1 2 2-5 1
32. Kopenhagen 3 0 1 2 4-8 1
33. Olimpiakos 3 0 1 2 1-8 1
34. Kayrat 3 0 1 2 1-9 1
35. Benfika 3 0 0 3 2-7 0
36. Ayaks 3 0 0 3 1-11 0

Bombardirlər: Mbappe (Real), Keyn (Bavariya) – 5, Holann (Mançester Siti), Reşford (Barselona), Qordon (Nyukasl) – 4.

Növbəti turun oyunları noyabrın 4-5-də keçiriləcək: Napoli – Ayntraxt F, Slaviya – Arsenal, Atletiko – Yunion, Bude/Qlimt – Monako, Yuventus – Sportinq, Liverpul – Real, Olimpiakos – PSV, PSJ – Bavariya, Tottenhem – Kopenhagen, Pafos – Vilyarreal, Qarabağ – Çelsi, Ayaks – Qalatasaray, Benfika – Bayer-04, Brügge – Barselona, İnter – Kayrat, Mançester Siti – Borussiya D, Marsel – Atalanta, Nyukasl – Atletik.

Faktlar
* “Qalatasaray” evdə Norveç təmsilçisinə qarşı keçirdiyi 4-cü oyunda da məğlub olmadı (3 qələbə, 1 heç-heçə).
* “Qalatasaray”ın evdə rəsmi matçlarda məğlubiyyətsiz seriyası 30 oyuna yüksəldi (22 qələbə, 8 heç-heçə)!
* Osimhen iştirak etdiyi ardıcıl 7-ci avrokubok matçında fərqləndi və “Qalatasaray” tarixində bunu bacaran ilk futbolçu oldu! Bu mövsümə qədər rekord 2012-ci ildə ardıcıl 6 ovrokubok oyununda qol vuran Burak Yılmaza məxsus idi.
* Osimhen 3-cü dəqiqədə fərqlənməklə “Qalatasaray”ın ÇL-də ən erkən qolunu vurdu. Buna qədər “sarı-qırmızılar”ın bu turnirdə ən erkən qolunu 2013-cü ildə “Kopenhagen”lə oyunun 9-cu dəqiqəsində fərqlənən Felipe Melo vurmuşdu.
* “Bude/Qlimt”in avrokuboklarda səfərdəki qələbəsiz seriyası 9 oyuna yüksəldi (7 məğlubiyyət, 2 heç-heçə).
* “Bavariya” mövsümün ilk 12 rəsmi oyununda qalib gələn birinci Almaniya təmsilçisi oldu. “Böyük beşlik” ölkələrindən yalnız birində bundan daha yaxşı seriya qeydə alınıb. “Milan” 1992/93-ə ardıcıl 13 qələbə ilə start vermişdi.
* 17 yaş 242 günlüyündə fərqlənən Lennart Karl ÇL tarixində qol vuran ən gənc “Bavariya”lı və ən gənc almaniyalı futbolçu oldu!
* “Çelsi”nin heyətində Mark Giyu ilə Tayrik Corc 19, Estevao 18 yaşında fərqləndi. 1992-ci ildən bəri premyer-liqanın heç bir klubunda bir oyunda 20 yaşdan aşağı 3 fərqli futbolçunun qol vurması faktı qeydə alınmamışdı!
* Kurtua “Real”da 300-cü rəsmi oyununu keçirdi. O, klub tarixində İker Kasilyas (725), Pako Buyo (456) və Migel Anxeldən (346) sonra 300 oyun həddinə çatan 4-cü qapıçı oldu.
* “Ayaks”ın çalışdırıcısı Con Heytinqa eyni klubla həm futbolçu, həm də məşqçi kimi ilk 3 matçda məğub olan birinci şəxs kimi ÇL-in tarixinə düşdü! Futbolçu kimi o, 2003/04-də də “Ayaks”la bu turnirdə ilk 3 oyunda uduzmuşdu.

Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi:
“Oyunla bağlı planımız və düşüncələrimiz özünü doğrultdu. İlk yarıda hərəkətli görünürdük. Bir çox fürsət yaxaladıq. İkinci hissədə bir qədər yorulduq. Rəqib də bəzi həmlələr edincə, 3:0-dan sonra geri çəkildik. Amma yenə də yaxşı müdafiə olunduq. Nəticə etibarilə qarşıya qoyulan hədəfə çatdıq. Bir ÇL matçı üçün hücumdakı statistik göstəricilərimiz çox yüksək oldu. Rəqibi də təbrik edirəm. 0:3-dən sonra da həvəsdən düşmədilər və pozitiv futbol sərgiləməyə çalışdılar. Nəticə başqa cür də ola bilərdi. Daha böyük hesabla qalib gələ və ya qapımızı toxunulmaz saxlaya bilərdik. Top fərqi baxımından ÇL-də vurulan hər qol çox önəmlidi. Türk futbolu adına gözəl bir gecə yaşadıq. Ardıcıl 2-ci qələbəmizi qazandıq və bunu davam etdirməliyik. “8-liy”ə düşməyə can atmalı və qarşımıza ən ciddi hədəflər qoymalıyıq”.

Kyetil Knutsen, “Bude/Qlimt”in baş məşqçisi:
“Çoxlu fərdi səhvə yol verdik. Hər 3 qolu da rəqibə özümüz “bağışladıq”. Əslində taktiki cəhətdən oyuna yaxşı hazırlaşmışdıq. Ancaq bu səviyyələrdəki matçda belə səhvlər bağışlanılmır. Stadionda mükəmməl atmosfer var idi. Hətta səs-küyə görə oyuna qulaqlıq taxaraq çıxmışdım. Amma işə yaramadı və bir müddət sonra onu atdım. Başımda hələ də ağrılar var. Ancaq bunlar bizim üçün sürpriz olmamalıydı. ÇL matçında belə ab-havaya hazır olmalıyıq. Bu turnirdə səviyyə çox yüksəkdi. Hər zaman olduğu kimi bu matçdan da dərslər çıxarmalıyıq”.

Xabi Alonso, “Real”ın baş məşqçisi:
“Bellingemin zədədən qayıdandan sonra belə inamlı performansa ehtiyacı var idi. Təkcə qol vurduğuna görə demirəm. Bu gün həqiqətən yaxşı və faydalı oynadı. Oyunun gedişində hücum gücümüz artırdı. Düzdü, ilk anlarda hücumda o qədər də yaxşı təsir bağışlamadıq. Ancaq sonradan oyunumuzu tapdıq. Topa nəzarəti və tempi artırmağa başlayınca qol vəziyyətləri də yarandı. Çətin olacağını bilirdik. Vinisius qol vurduğumuz epizodda çox yaxşı oynadı. İntriqanı erkən öldürə bilməsək də, 3 xalı əldən vermədik. Kurtua da bu gün inamlı oynadı”.
Arne Slot, “Liverpul”un baş məşqçisi: “Son oyunlarda başımıza gələnlərlə paralellər aparsaq, bugünkü matçda oxşar və fərqli cəhətlər var idi. Oxşar cəhət odu ki, rəqibin “çərçivə”yə ilk zərbəsi qolla nəticələndi. Ancaq vaxtında özümüzə gəldik və sonrakı dəqiqələrdə qol buraxmadıq. Çünki hələ ilk yarıda hesabı 3:1 etdik. Fərq də məhz bundadı. Fasiləyə 1:1 yollanmaqla 3:1 yollanmaq arasında fərq çoxdu. Bugünkü rəqibin oyun tərzi də son matçlarda qarşılaşdığımız klublardan fərqlənirdi. “Ayntraxt” yerlə oynamağa çalışırdı. Amma son matçlarımızda hava mübarizələrini çox izləməli olurduq”.
Seçilən
25
1
football-plus.az

2Mənbələr