Dabaq xəstəliyi adətən heyvanlarda rast gəlinən, lakin insanlarda da müəyyən hallarda müşahidə oluna bilən virus mənşəli infeksiyadır. Son günlər bu xəstəliyin ölkənin bəzi bölgələrində yayılması cəmiyyət arasında “bəs insanlara keçə bilərmi?” sualını gündəmə gətirib.
Tibb elmləri doktoru, professor Adil Qeybulla Ölkə.az-a açıqlamasında bildirib ki, xəstəlik yayılanda həmişə müəyyən karantin tədbirləri görülür, epidemiya lokallaşdırılır və aradan qaldırılır.
Onun sözlərinə görə, virusun insana keçməsi mümkündür:
"Bu o halda baş verir ki, insan xəstə heyvanlara qulluq edir, onlarla təmasda olur. İnsan adətən heyvanların südündən və ətindən qidalananda onları pasterizə edir, bişirir və s. Yəni təxminən 75 dərəcədən yuxarı temperaturda bişmiş məhsullarda bu virus tamamilə sıradan çıxır, yəni onda yoluxma təhlükəsi qalmır. Amma istənilən halda yoluxma təmas yolu ilə mümkündür. Bu baxımdan da fermerlər adətən bu cür xəstəliklər olanda vəziyyət barədə dərhal kənd təsərrüfatı və baytarlıq üzrə müvafiq mütəxəssislərə məlumat verirlər.

Hazırda bu məsələyə Qida Təhlükəsizliyi Agentliyi rəhbərlik edir. Mən hesab edirəm ki, müvafiq mütəxəssislər artıq lazımi karantin tədbirlərini elan ediblər. Düzdür, insanlar, əlbəttə, bu heyvanları itirmək istəmirlər, ətini satışa çıxartmaq istəyirlər. Yəni hər kəs bu halda öz marağını düşünür. Amma bir şeyi nəzərə almaq lazımdır ki, belə situasiyalar ümumrespublika problemidir və ona görə də burada artıq dövlət orqanlarının buna müdaxiləsi şəksizdir. Ona görə də onlara da imkan verilməlidir ki, məsələ yekunlaşsın, lokallaşsın və proses aradan qaldırılsın.
Dabaq xəstəliyi illər boyu həmişə olub və bunluna bağlı Baytarlıq Komitəsi, o vaxtki Sovet dövrünün başqa strukturları, tədbirlər görüblər. Bu gün bu məsələ Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. Hesab edirəm ki, bizim sahibkarlar, baytarlar, ət kəsimi ilə məşğul olan mütəxəssislər Qida Təhlükəsizliyi Agentliyinin təlimatları əsasında hərəkət etməlidirlər".
Həmidə İbrahimova