AZ

Türkiyədə Azərbaycan dilinin, milli mədəniyyətinin təbliği məsələləri müzakirə edilib

ain.az bildirir, Azertag portalına istinadən.

Ankara, 28 oktyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov və Bakıda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Ankaradakı Qazi Universitetində fəaliyyət göstərən “Azərbaycan dilinin tədris ocağı”nı ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, keçirilən görüş zamanı Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan dilinin, milli mədəniyyətinin qardaş ölkədə təbliği məqsədilə görülən işlər, bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verib, Azərbaycan Dillər Universiteti, AMEA-nın Folklor İnstitutu, Bakıdakı Atatürk Mərkəzi ilə ortaq layihələr barədə təkliflərlə çıxış edib.

Azərbaycan Dillər Universiteti ilə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi arasında Azərbaycan dilinin daha sistemli və genişmiqyaslı tədrisinin təşkili, bu istiqamətdə təcrübə mübadiləsi, dilin öyrənilməsi üçün elmi-metodik vəsaitlərin hazırlanması müzakirə olunub. Həmçinin ustad dərslərin təşkili, Azərbaycan-Türkiyə arasında terminoloji lüğətlərin hazırlanması, Azərbaycan dili kurslarında fərqlənən tələbələrin Azərbaycan Dillər Universitetinin Yay məktəblərində iştirakı, eləcə də Qazi Universiteti ilə əməkdaşlıq, Türk dünyasının ortaq mədəniyyəti və dəyərlərini əks etdirən layihələrin həyata keçirilməsi müzakirə edilib və əməkdaşlığa dair razılıq əldə olunub.

Görüşdə Qazi Universitetindən prorektoru professor Selami Candan, Qazi Təhsil fakültəsinin dekan müavini professor Serçin Karataş, Türk mədəniyyətinin Araşdırma Mərkəzinin müdir müavini, professor İsmet Çetin, “Azərbaycan dilinin tədris ocağı”nın müəllimi Şəhla İbişova da iştirak ediblər.

Görüşün sonunda akademik Kamal Abdulla müəllifi olduğu kitabları “Azərbaycan dilinin tədris ocağı”nın kitabxanasına təqdim edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
1
azertag.az

2Mənbələr