Ermənistan ordusu tərəfindən Bərdə şəhərinin raket atəşinə tutulmasından 5 il ötür.
QHT.az xəbər verir ki, Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, qurumun bu il həyata keçirdiyi “Azərbaycan Respublikası ərazisində kasetli sursatlar probleminin tədqiqi” layihəsi çərçivəsində aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, 2020-ci il oktyabrın 28-də, saat 13:00 radələrində Ermənistan Silahlı Qüvvələri “Smerch” reaktiv yaylım atəşi sistemlərindən istifadə edərək Bərdə şəhərinin mərkəzinə iki ədəd 300 mm-lik kasetli raket atıb:
"Hər bir raketin içərisində 72 ədəd 9N235 tipli kasetli subsursat olub. Hücum nəticəsində 5-i qadın olmaqla 21 mülki şəxs həlak olub, həmçinin 8-i uşaq, 15-i qadın olmaqla 70 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu fakt Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya, Kasetli Silahlara qarşı Koalisiya, Human Rights Watch və Amnesty International kimi beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənib. Onların hesabatlarında qeyd olunur ki, hücum zamanı həmin ərazidə hərbi obyekt və ya texnika aşkar edilməyib, bu isə hücumun mülki əhaliyə qarşı yönəldildiyini sübut edir".
Hafiz Səfixanovun sözlərinə görə, bu cür faktlar Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozduğunu bir daha təsdiqləyir və mülki əhalinin hədəfə alınması müharibə cinayəti kimi qiymətləndirilməlidir.
Pərvanə Fərhadqızı