"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və ABŞ arasında mümkün zirvə görüşünə Ankara və ya İstanbulun ev sahibliyini təklif etməsi təsadüfi deyil. Bu, Türkiyənin artıq təkcə regional oyunçu deyil, qlobal diplomatik mərkəzə çevrildiyinin göstəricisidir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və ABŞ arasında keçiriləcək görüşə ev sahibliyi təklif etməsindən danışarkən bildirdi.
Onun sözlərinə görə, hazırkı beynəlxalq sistemdə az ölkə var ki, həm Moskva, həm Vaşinqton, həm də Brüssel ilə eyni masa arxasında otura bilsin:
"Türkiyə isə bu nadir balansı qoruyan, hər tərəflə danışa bilən yeganə NATO ölkəsidir. Ərdoğanın təklifi həm siyasi cəsarətin, həm də diplomatik etimadın nəticəsidir. 2022-ci ildə Ukrayna taxıl sazişinin İstanbulda imzalanması dünyaya göstərdi ki, Türkiyə böhranların həlli üçün real vasitəçidir, təkcə bəyanat verən deyil. İndi isə Rusiya-ABŞ görüşü üçün Türkiyənin adının hallanması bu statusun davamı kimi dəyərləndirilməlidir".
Politoloqun fikrincə Ankara həm coğrafi, həm siyasi, həm də psixoloji baxımdan ideal məkandır.
"Qərb ilə Şərqin kəsişdiyi nöqtədə, münaqişə və dialoq arasında körpü rolunu oynayır. Türkiyə diplomatiyası son illərdə klassik vasitəçilik anlayışını aşaraq “aktiv neytrallıq” modelini formalaşdırıb, bu model isə beynəlxalq münasibətlərdə yeni reallıq yaradır. Belə bir görüşün Türkiyədə baş tutması Ankaranın beynəlxalq nüfuzunu daha da gücləndirər, regionda sabitlik və dialoq mədəniyyətini təşviq edərdi. Ərdoğanın təşəbbüsü həm də mesajdır: Türkiyə yalnız öz maraqları üçün deyil, qlobal təhlükəsizlik üçün hərəkət edir", - deyə Tural İsmayılov vurğuladı.
Xədicə BAXIŞLI