AZ

4 komanda 1/8 finala vəsiqə qazandı - YENİLƏNİR

Bu gün futbol üzrə Bizon ölkə kubokunda 2-ci təsnifat mərhələsinə start veriləcək.

İki gün ərzində keçiriləcək matçlardan dördü, dəqiq desək, “Karvan-Yevlax” – “Şəki”, “Dinamo” – “Turan Tovuz”, “Səbail” – “Şamaxı” və “Neftçi” – MOİK qarşılaşmaları “CBC Sport”un efirində, qalanları isə PFL-in “AzPFL” “yutub” kanalında canlı yayınlanacaq. Əvvəlcədən bildirək ki, bu mərhələdə bəzi premyer-liqa və 1-ci liqa klubları da mübarizəyə qoşulacaq. Həmçinin “Göygöl” - “Baku Sportinq”, “Qaradağ Lökbatan” - “İmişli”, “Dinamo” - “Turan Tovuz” və “Xankəndi” - “Difai” oyunları ev sahibi komandaların stadionlarının standartlara cavab verməməsi səbəbindən qonaq komandaların ev oyunlarını keçirdiyi stadionlarda baş tutacaq. Nominal qonaqlar ev sahibinin bütün funksiyalarını yerinə yetirəcək. PFL və klublar arasında bütün danışıqlar Əsasnamə tələblərinə əsasən aparılaraq, rəsmi müraciətlər əsasında qərarlar qəbul olunub.

Beləliklə, aşağıda 1/8 final mərhələsinə vəsiqə qazanmaq uğrunda keçiriləcək oyunlar haqda daha ətraflı danışa bilərik.

Bizon ölkə kuboku
2-ci təsnifat mərhələsi
28 oktyabr
Göygöl – Baku Sportinq 0:2

İlham Allahverdiyev, 40; 60.
Cəzalı: Yusif Cəfərov (Göygöl).
Hakimlər: NAMİQ BƏKİROV, Şirməmməd Məmmədov, Nurlan Əhmədzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Buzovna, qəsəbə stadionu. Saat 14.00.

"Baku Sportinq" növbəti mərhələdə “Səbail” – “Şamaxı” cütünün qalibiylə qarşılaşacaq.

Karvan-Yevlax – Şəki 1:1
Said İranxan, 16 - Nurlan Novruzov, 90+2
Qırmızı vərəqə: Nika Çaçaşvili, 99.
Cəzalı: yoxdu.
Hakimlər: EMİN ƏLİYEV, Gülnurə Əkbərzadə, Səbuhi Əmrahov, Nazim Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı, şəhər stadionu. Saat 14.00.

Bu cütün qalibi “Qarabağ”la qarşılaşacaq.

Qaradağ Lökbatan – İmişli 2:3
Sabir Allahquliyev, 28-p.; 69 - Elmir Rəhimzadə, 65. Luis Silvestr, 81-p.; 90+5
Cəzalı: yoxdu.
Hakimlər: KAMRANBƏY RƏHİMOV, Teymur Teymurov, Vüqar Bayramov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Quba, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00.

"İmişli" “Sabah”la qarşılaşacaq.

Cəbrayıl – Şəfa 0:3
Amir Ebrahimzade, 24; 44. Amil Yunanov, 84.
Cəzalı: Elvin Nəsibov.
Hakimlər: ƏKBƏR ƏHMƏDOV, Zöhrab Abbasov, Samir Qaracayev, Nəriman Ağayev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00.

"Şəfa" “Qəbələ” – “Mingəçevir” cütünün qalibiylə qarşılaşacaq.

Kəpəz – Ağstafa Gəncləri 6:1
Şahmar Aşurov, 17. Rauf Hüseynli, 35. Sadiq Şəfiyev, 41. Elcan Əbilov, 44. Şahnur İsmayılov, 63-p. Kresus Donqo, 85 - Eltac Hüseynov, 69
Hakimlər: RÖVŞƏN RƏCƏBOV, Cəmil Quliyev, Sənan Atayev, Nahid Xasıyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ, şəhər stadionu. Saat 14.00.

Bu cütün qalibi “Araz-Naxçıvan”la qarşılaşacaq.

Dinamo – Turan Tovuz
Hakimlər: ƏLİ ƏLİYEV, Rahil Ramazanov, Safalı Ağayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı, “Azərsun Arena”. Saat 17.00.

“Dinamo” nə evdə oynayır, nə “Turan Tovuz”a əzələ nümayiş etdirəcək futbolçusu var, nə də iştirak etdiyi çempionat, yəni 2-ci liqa premyer-liqanın səviyyəsinə yaxındı. Bu üzdən bakılılar meydana yalnız layiqincə mübarizə aparmaq üçün çıxa bilər. Əsas çempionatın lideri olan “Turan Tovuz” isə qələbə qazanmaqla avrokuboklar uğrunda mübarizədə əlini güclü saxlamağa çalışacaq. Öz aramızdı, “bozqurd” üçün “yağlı” püşk də var. Çünki bu cütün qalibi “Şimal” – “Şahdağ Qusar” cütünün qalibiylə qarşılaşacaq.

29 oktyabr
Şimal – Şahdağ Qusar
Hakimlər: KAMRAN ƏLİYEV, Asiman Əzizli, Elman Kərimov, Ruslan Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Şamaxı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00.

1-ci liqa komandalarının dueli haqda deyiləcək çox söz yoxdu. Ancaq hadisələrin indiyəqədərki axarı Qusar təmsilçisinin daha şanslı olmasından xəbər verir. Düzü, çempionatda qalmaq uğrunda mübarizə aparan xaçmazlıların bu oyuna prinsipial yanaşacağı da gözlənilmir. Hər halda, öz dərdləri başlarından aşır. Təbii ki, “Şahdağ Qusar” bu fürsətdən yararlanmaq üçün əlindən gələni edəcək.

Xankəndi – Difai
Cəzalı: Elməddin Hüseynzadə (Xankəndi).
Hakimlər: NİCAT İSMAYILLI, Tərlan Talıbzadə, Rasim Axundov, Kamil Aydınov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Ağsu, şəhər stadionu. Saat 14.00.

Oyunun maraqlı keçəcəyinə şübh ə yoxdu. Ona görə ki, “Xankəndi” 2-ci liqanın lideri, “Difai” isə 1-ci liqanın autsayderidi. Bu baxımdan, nominal meydan sahiblərinin asanlıqla təslim olmayacağını proqnozlaşdırmaq mümkündü. Ağsu təmsilçisi isə mümkün qələbəylə yaşadığı uğursuz mövsümün psixoloji təzyiqindən qrutula bilər. Belədə hər iki komandanın yalnız qələbə əldə etmək istəyəcəyini deyə bilərik.
Bu cütün qalibi “Zaqatala” – “Sumqayıt” cütünün qalibiylə qarşılaşacaq.

Zaqatala – Sumqayıt
Cəzalı: yoxdu.
Hakimlər: RAUF CABBAROV, Kamran Bayramov, Səbuhi Soltanov, Murad Səlimov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Zaqatala, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00.

Bəli, bu günə qədər dəfələrlə “Zaqatala”nın iddialı rəqiblərə başağrısı olduğunu yazmışıq. Ancaq indi rəqib premyer-liqada yaxşı mövsüm keçirən “Sumqayıt”dı. Bu üzdən 1-ci liqa klubunun işi çox çətindi. Axı həm də avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “kimyaçılar”ı yalnız qələbə qane edir.

Qəbələ – Mingəçevir
Cəzalı: Kənan Quliyev (Mingəçevir).
Hakimlər: İSLAM MƏMMƏDOV, Müslüm Əliyev, Aydın Bəxşiyev, Ceyhun Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Qəbələ, şəhər stadionu. Saat 16.00.

Düzdü, “Qəbələ” premyer-liqanın autsayderidi. Ancaq bu, “qırmızı-qaralar”ın baxımlı oyun sərgiləməsi reallığını dəyişmir. Odu ki, 1-ci liqanın çempionluq uğrunda mübarizə aparan “Mingəçevir”i bu matça ciddi yanaşmalıdı. Hər halda, favorit meydan sahibləridi. Odu ki, “nur şəhəri”nin təmsilçisi ancaq möcüzəyə can atmalıdı.

Səbail – Şamaxı
Cəzalı: yoxdu.
Hakimlər: FƏRİD HACIYEV, Rəhman İmami, Kərim Zeynalov, Şamil İmanzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Zaur Hacıməhərrəmov.
Bakı, “ASCO Arena”. Saat 16.00.

1-ci liqada mübarizə aparsa da, böyük premyer-liqa təcrübəsi olan “Səbail”in “Şamaxı”nın öhdəsindən gələcəyinə inanmaq çətindi. Onsuz da çempionluq uğrunda mübarizə aparan Bayıl təmsilçisinin hələ lider ola bilmədiyini nəzərə alsaq, prioritet məhz ölkə çempionatıdı. “Şamaxı” isə sadəcə, iştirak etdiyi yarışın adına uyğun çıxışla yadda qalmalıdı. Axı təkcə bu səbəb “şirlər”in qələbəyə daha yaxın olduğunu deməyə əsas verir.

Neftçi – MOİK
Cəzalı: yoxdu.
Hakimlər: VÜQAR HƏSƏNLİ, Eyyub İbrahimov, Elmin Süleymanov, Alik Yunusov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı, “Palms Sports Arena”. Saat 19.00.

Əlbəttə, “Neftçi” “doğma divarlar” arasında keçirəcəyi oyunda 1-ci liqa klubunu məğlub etməli və növbəti mərhələyə vəsiqə qazanmalıdı. Və hadisələrin axarı böyük ehtimalla məhz belə yekunlaşacaq. Axı söhbət avrokuboklara vəsiqə uğrunda iki cəbhədə mübarizə aparmağın vacibliyindən gedir. “Hərbçilər” isə sadəcə, əzmkar mübarizəylə yadda qalmağa çalışacaq.

Bu cütün qalibi “Zirə”ylə qarşılaşacaq.

KƏNAN BAHADIR

Seçilən
41
football-plus.az

1Mənbələr