Bir zamanlar ölkə mətbuatında tez-tez çıxış edən tanınmış simalardan biri də Hakim Yeni Azərbaycan Partiyasının qurucularından biri, sabiq deputat, iqtisadi elmlər doktoru Əli Əlirzayev idi. Son dönəmlərdə o görünmür. Veteran YAP-çı ilə əlaqə saxladıq.
Ə.Əlirzayev öncəliklə vaxtı ilə qurucularından olduğu YAP-ın ona qarşı olan biganəliyindən danışdı: “Məni 2005-ci ildə parlamentdə irəli sürdükləri siyahıdan çıxardılar. Heydər Əliyevə ən yaxın insan olmuşam. İndi də eyni mövqedəyəm. Sadəcə buna məhəl qoyan yoxdur. Dövlətimiz və xalqımız üçün əlimdən gələni etmişəm. Mən deputatlığa namizəd olduğum zamanlarda seçilməsəm də, bir sıra vəzifələrə namizədliyimi verdim, amma məni yaxın buraxmadılar. Hətta işlədiyim ali məktəbdən belə məni çıxarmaq istəyirdilər, amma gücləri çatmadı. Onun üçün də hesab edirəm ki, ədalətsizlik var, olub və olacaq da. Lakin mən də bir xüsusiyyət var, insan öləndə və ya qocalanda, vəzifədən gedəndə, arxası ilə danışa bilmirəm”.
Sabiq deputat Prezident Aparatının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı son günlərdə gündəmi zəbt edən olaylar barədə də açıqlama verdi: “Ramiz Mehdiyev əvvəllər elə də söz sahibi deyildi. Sonralar yüksək posta gətirildi. Yəni bunu hamı bilir. Amma Ramiz müəllimi tanımışam, yanında da olmuşam, bunu dana bilmərəm. Doğrudur, rəhmətlik Maksim Musayev daim iddialar səsləndirirdi. YAP-ın qurucularının Ramiz Mehdiyevin əli ilə sistemdən uzaqlaşdırıldığını deyirdi. O, 90-cı illərdə deputat idi. Heydər Əliyevin daim arxasında gedənlərdən idi. 2005-ci ildə o da keçmədi və uzaqlaşdı. Həm də uzaqlaşdırıldı. Həmin vaxt dediyim kimi mən, eləcə də Şahlar Əsgərov da uzaqlaşdı. Bir sözlə ilk dəfə YAP-ı yaradanlar idarəçilikdən kənarlaşdırıldı. Heydər Əliyev sağ olsaydı, indi də vəzifədə idim”.
Ə.Əlirzayev bəzi suallar da ünvanlamağı unutmadı: “Mənim taylarım Milli Məclisdədir, amma mən yox. Niyə? Parlamentdə 30 ildir təmsil olunan deputatlar var. Bunlardan mənim nəyim əskikdir? Axı bu xalqa, hökumətə daim qulluq edən, obyektiv danışan adamlardanam. Niyə axı kənarda qalmalı idim? Bu sualıma cavab verın tapılarmı? Bir onu dəqiq bilirəm ki, çatışmayan ən çox bir cəhətim var, o da obyetiv olmağımdır. Maaşla ömür boyu yaşayan adam olmuşam. Mən də böyük imkanlar yarada bilərdim. İqtisadiyyat naziri var idi, mənə müəsissələrdə çalışmaq üçün böyük təkliflər etdi, amma getmədim. Düşünürdüm ki, deputat adamam, həmişə də deputat seçəcəklər. Əgər millət vəkili olsaydım, bəzi iqtisadi qanunlar var idi ki, onların qəbuluna imkan verməyəcəkdim. Rəhmətlik Hadi Rəcəbli mənə deyirdi ki, Əli, sən dinmə, mən bu qanunu keçirəcəm. Mən danışanda, o çox əziyyət çəkirdi. Nazirlər var idi ki, məndən bəzi mövzularda danışmamağı xahiş edirdilər. Təsəvvür edin ki, proporsional seçki sistemi vaxtı YAP-ın siyahısında 20-ci idim. Amma düşünürdüm ki, ilk onluqda olaram. Eldar Sabiroğlu həmin vaxt keçdi, mən kənarda qaldım. Eldardan qabaq da Əli Əsədov idi, o da təbii ki, keçdi. Heydər Əliyev sonradan mənə dedi ki, sənin 20-ci olduğunu bilməmişəm. Sonradan rəhmətlik Ziya Bündayov öldürüldü və ondan sonra keçdim. Ulu Öndər mənə iqtisadi inkişaf nazirinin müavini olmağımı təklif etmişdi. Nazir olmaq imkanlarım var idi. Amma dedim ki, cənab prezident, sizə siyasi məsələlərdə yaxın olmaq istəyirəm. Sonralar Heydər Əliyev mənə dedi ki, get Naxçıvandan namizəd ol və seçil. Getdim, səs yığdım və seçildim. Amma 2005-ci ildə siyahılarda adımı görmədim. Hələ də anlaya bilmirəm ki, 2000-05-ci illərdə nələr dəyişdi. Bir şeyi tam əminliklə deyirəm ki, deputat seçkilərində hər şey qabaqcadan bilinir, kimin kim olduğu. Kiminsə arxasında kimsə hökmən dayanmalıdır. Bütün bunlar olmalıdır, əks təqdirdə şansların olmur. Həmin vaxt mən də arxayın idim, çünki azından kim olduğumu yaxşı bilirdim. Getdim Naxçıvana. Gecə ilə Vasif Talıbov Əli Əhmədova zəng edib ki, Əlini oradan siyahıya salın, Naxçıvanı tərk etsin. Mənə də dərhal zəng gəldi və ondan sonra Bakıya gəlib Xətaidən namizədliyimi verdim. Kampaniya da apardım, səs də yığdım, seçki günü eşitdim ki, seçicilərə deyiblər kimə səs verirsiniz verin, bircə Əli Əlirzayevə səs verməyin. Dərhal zəng etdim Ramiz Mehdiyevə götürmədi, Eldar Mahmudovla əlaqə saxlamaq istədim alınmadı, Kəmaləddin Heydərov da zəngimə cavab vermədi. Amma hər birinin prosesdən xəbərləri var idi. Amma Ramiz bunu mənə qarşı etməməli idi. Əvvəlcədən sadəcə güman edirdim ki, o bunu mənə qarşı edə bilər. YAP-da məni istəməyənlərin çox olduğunu bilirdim.
Ramiz Mehdiyevin Rusiyanın adamı olması barədə uzun zamandır söz-söhbətlər gəzir, hamı bunu deyir. Amma gərək bunu sübut da edəsən. Məhkəməsi olsun, şahidlər üzə çıxsın, ondan sonra proseslər daha aydınlaşacaq. Dövləti necə satmaq olar axı? Adamın bu sözləri işlətməyə dili belə gəlmir. Bu ittiham olduqca ciddidir. Üzərinə gedilməlidir. Ölüm hökmü olsaydı, bu yola əl atanların cəzası hər halda bilirdik nə olardı. Bir şeyi də deməyi borc bilirəm. Vaxtı ilə Ramizdən bəhrələnənlər indi də ondan istifadə edirlər. Bilirsiniz necə? Onu ağır formada ittiham edirlər ki, bəlkə rəhbərliyə daha yaxın olaq”.
Musavat.com