Bakı, 28 oktaybr, AZƏRTAC
UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” - “Çelsi” (İngiltərə) oyununun biletləri sabah satışa çıxarılacaq.
Ağdam təmsilçisindən AZƏRTAC-a verilən məlumata görə, bilet satışı saat 15:00-dan etibarən başlayacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq, 10, 15, 25, 35, 40, 50 və 75 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200, 250, 300, 400 və 1000 manatdır.
Biletləri iTicket.az (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından almaq olar.
Qeyd edək ki, noyabrın 5-də keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.