AZ

“Xərçəngdən güclüsən” adlı tədbir keçirilib -

Tibbi Ərazi Bölmələrini İdrəetmə Birliyi (TƏBİB) və “PAŞA Həyat Sığorta” ASC-nin təşkilatçılığı ilə “Ümumdünya süd vəzi xərçəngi ilə mübarizə ayı” çərçivəsində “Xərçəngdən güclüsən” adlı tədbir keçirilib.Metbuat.az xəbər verir ki, tədbirdə TƏBİB-in İcraçı direktorunun müavinləri Araz Nəsirov, Anar İsrafilov, “PAŞA Həyat Sığorta”nın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Dilara Babayeva, struktur bölmə rəhbərləri, əməkdaşlar, tibb müəssisələrinin həkim-onkoloqları və digər şəxslər iştirak ediblər. Açılış nitqi ilə çıxış edən TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov bildirib ki, dünyada hər səkkiz qadından biri xərçəngdən əziyyət çəkir. Lakin qadınlar müalicəyə cəlb olunarsa, sonrakı beş il ərzində onların yaşama şansı 90-95 faizdir: “Bütün 40-69 yaşarası qadınlar iki ildən bir müayinədən keçməlidirlər. Mammoqrafik müayinə çox sadədir. Bu prosesdə maarifləndirmə çox önəmlidir. Bu işdə bizə bütün cəmiyyət, media kömək etməlidir”.“PAŞA Həyat” ASC-nin İdarə Heyətinin üzvü Dilara Babayeva qeyd edib ki, qurum tərəfindən maarifləndirmə istiqamətində bir çox işlər görülür: “Üç il əvvəl "GüclüSən" cəmiyyəti yaradılıb. Layihə çərçivəsində müxtəlif maarifləndirici tədbirlər həyata keçirilib. TƏBİB, RİİB və bir sıra digər təşkilatlarla əməkdaşlıq çərçivəsində bu tədbirləri yalnız paytaxtda deyil, bir sıra regionlarda da təşkil edərək, ümumilikdə 500-dən çox insanın təmənnasız müayinədən keçməsini təmin etmişik”.TƏBİB-in Strateji inkişaf departamentinin Korporativ əməkdaşlıq şöbəsinin müdiri Nigar Rüstəmli layihə ilə bağlı ətraflı məlumat verərək deyib ki, 2025-ci il ərzində 22 region üzrə üç mindən çox qadın süd vəzi xərçəngi ilə bağlı müayinələrə cəlb olunub: “Həmçinin tərəfdaşlarımızla birgə işğaldan azad olunan ərazilərimizdə skrininq müayinələr həyata keçirilib. Aztəminatlı ailələr, valideyn himayəsindən məhrum uşaqlar və ahılların da cəlb edildiyi bir çox layihələr - “Peşə Günləri”, “Ucqar rayonlarda səyyar müayinə”, “Yaşa dolduqca yaşa”, “Autizm xəstəlik deyil, fərqlilikdir” tərəfimizdən icra edilib”.Nigar Rüstəmli TƏBİB-in yaxın günlərdə istifadəyə veriləcək, korporativ sosial məsuliyyətyönümlü (KSM) təşəbbüsləri bir araya gətirən, yaradıcı, innovativ və strateji layihələri paylaşan və inkişaf etdirən “Layihə Hovuzu” platforması ilə bağlı da iştirakçıları məlumatlandırıb.Sonda çıxış edən həkim-onkoloq Nərmin Axundova bu il Gəncə şəhərində 300-dən çox şəxsin süd vəzi xərçəngi müayinəsinin həyata keçirilməsindən danışıb: “Gəncədə keçirilən müayinələrdə 8 qadında erkən mərhələdə süd vəzi xərçəngi aşkarlanıb. Erkən müdaxilə nəticəsində həmin şəxslərdə xəstəlik vaxtında aşkarlanıb və müalicələrə cəlb olunub".

Qeyd edək ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlər planına, həmçinin TƏBİB-in 2025-2027-ci illər üzrə Strateji Planının hədəflərindən biri də onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanmasıdır.

Seçilən
2
3
metbuat.az

4Mənbələr