“PayPal” şirkəti “OpenAI” ilə öz rəqəmsal cüzdanının “ChatGPT”yə inteqrasiyası barədə razılaşma imzalayıb. Bundan sonra süni intellekt əsasında yaradılmış çat-botun istifadəçiləri onun vasitəsilə tapdıqları malları birbaşa ödəyə biləcəklər.
ABŞ-nin “Nasdaq” birjasında “PayPal” səhmələri 28 oktyabrda ilkin ticarətdə 17,4% artaraq pik nöqtədə 82,5 dollar olub. Saat 16:43-də (Bakı vaxtı ilə) artım 10% səviyyəsinə çatıb.
Yeni sistem 2026-cı ilin əvvəlində işə düşəcək. “PayPal” istifadəçiləri “ChatGPT” vasitəsilə alış-veriş edə, satıcılar isə mallarını yerləşdirə biləcəklər. Ödənişlər bank hesabı, kredit kartı və ya “PayPal” balansı ilə həyata keçiriləcək. Şirkət ödənişlərin yoxlanması və emalı proseslərini idarə edəcək, satıcıların ayrıca “OpenAI” ilə müqavilə bağlamasına ehtiyac qalmayacaq. Bundan başqa, “PayPal” öz əməkdaşları üçün korporativ süni intellekt məhsullarının istifadəsini genişləndirəcək.
“Bizim yüz milyonlarla sadiq PayPal istifadəçimiz var və indi onlar ChatGPT-də “Buy with PayPal” düyməsini sıxaraq təhlükəsiz və etibarlı ödəniş prosesi əldə edə biləcəklər”, – PayPal-ın baş direktoru Aleks Kriss bildirib.
Kriss həmçinin əlavə edib ki, həm alıcılar, həm də satıcılar “PayPal” tərəfindən yoxlanılır, bu da fırıldaqçılıq risklərini azaldır.