2025-ci ilin martında Türkmənistan tarixində ilk dəfə olaraq Türkiyəyə təbii qaz ixracına başladı. Bu tədarüklər “Türkmənqaz” dövlət konserni ilə Türkiyə tərəfi arasında imzalanmış illik 2 milyard kubmetr həcmində müqavilə əsasında həyata keçirilirdi. Lakin cəmi bir neçə ay sonra, oktyabr ayında Türkmənistan tərəfi bu prosesin dayandırıldığını açıqladı.
Rəsmi izahda “bir sıra məsələlərin həlli zərurəti”, “pilot layihə” və “sualtı daşların aradan qaldırılması” kimi ifadələr işlədilsə də, hadisənin arxasında təkcə texniki deyil, həm də geosiyasi və strateji motivlər dayanır.
Türkmən qazı Türkiyəyə İran üzərindən tranzit olunurdu. Bu, klassik boru kəməri ixracı deyil, “swap” (mübadilə) əməliyyatı idi. Yəni Türkmənistan qazı İranın şimalına verilir, İran isə həmin ekvivalent həcmi öz cənubdakı qaz şəbəkəsindən Türkiyəyə ötürür.
Bu mexanizm həm İran, həm Türkmənistan üçün logistika xərclərini azaldır, həm də Türkmənistan üçün yeni ixrac bazarına çıxış yaradırdı. Lakin burada bir strateji problem vardı – bu marşrut İranın tranzit imkanlarına tam bağlıdır.
2024–2025-ci illərin göstəricilərinə əsasən, Türkmənistanın təbii qaz ixracında əsas istiqamət hələ də Çin bazarı olaraq qalır. Türkmən qazının illik ixrac həcmi bu istiqamətdə 36–40 milyard kubmetr arasında dəyişir və nəql “Mərkəzi Asiya–Çin” boru kəmərinin A, B və C xətləri ilə həyata keçirilir.
İkinci əsas istiqamət İrandır. Türkmənistan İrana hər il təxminən 5–6 milyard kubmetr qaz ixrac edir, lakin bu, əsasən barter razılaşmaları və regional ehtiyacların təminatı çərçivəsində baş tutur.
Azərbaycan istiqaməti hələlik planlaşdırma mərhələsindədir – Transxəzər qaz kəməri layihəsi reallaşmadığı üçün bu marşrutla ixrac həcmi sıfır səviyyəsində qalır.
Yeni istiqamət isə Türkiyə bazarıdır. Türkmənistan 2025-ci ilin martından etibarən İran üzərindən Türkiyəyə illik 2 milyard kubmetr qaz ötürülməsini nəzərdə tutan “pilot layihəyə” start verib. Lakin bu tədarüklər oktyabrda müvəqqəti dayandırılıb.
Beləliklə, ümumi mənzərəyə görə, Türkmənistan qaz ixracının təxminən 90–92 faizi Çinə,8 faizi İrana, cüzi hissəsi isə sınaq mərhələsində Türkiyəyə yönəlib. Bu struktur ölkənin qaz ixracında monosentrik (Çin yönümlü) asılılığı davam etdirdiyini göstərir.
Bu rəqəmlər göstərir ki, Türkmənistanın qaz ixracı hələ də Çin bazarına 90%-dən çox asılıdır və Türkiyə marşrutu bu asılılığı qismən azaltmaq üçün strateji test idi.
“Türkmənqaz”ın sədr müavini Murat Arçayevin dediyi kimi, “pilot layihə çərçivəsində bütün maneələr analiz olunur”. Amma hansı maneələr?
Texniki baxımdan İranın qaz infrastrukturunda ötürmə gücü məhduddur, xüsusən də qış aylarında daxili tələbat yüksək olur. "Swap" mexanizmi sabit təzyiq və balans tələb edir, kiçik kəsintilər belə sistemə təsir edir.
Kommersiya baxımından Türkmən qazının satış qiyməti İran tranziti zamanı əlavə tariflərlə artır.
Türkmənistanın Türkiyəyə qaz satışı İranın tranzit haqqına və Türkiyənin qəbul şərtlərinə bağlı qalır.
Geosiyasi baxımdan isə ABŞ və Avropa İttifaqı İran üzərindən enerji marşrutlarını açıq şəkildə dəstəkləmir. Vaşinqton uzun illərdir “Transxəzər qaz kəməri” layihəsini strateji alternativ kimi təbliğ edir.
ABŞ Dövlət Departamenti və Avropa Komissiyası artıq 2011-ci ildən bəri Transxəzər qaz kəməri ideyasını gündəmdə saxlayır. Bu kəmər Türkmən qazını birbaşa Xəzərin altı ilə Azərbaycana, oradan isə Cənub Qaz Dəhlizi (TANAP–TAP) vasitəsilə Avropaya çatdırmağı nəzərdə tutur.
Layihəyə görə, Türkmən qazının Avropaya çıxışı üçün nəzərdə tutulan Transxəzər qaz kəməri layihəsi ildə təxminən 10 milyard kubmetr ötürmə gücünə malik olmalıdır. Kəmərin Türkmənistanın Türkmənbaşı şəhərindən başlayaraq Azərbaycanın Səngəçal terminalına qədər uzanması planlaşdırılır. Layihə hələlik texniki-iqtisadi qiymətləndirmə mərhələsindədir və reallaşdırılması üçün beynəlxalq razılaşmalar gözlənilir.
Transxəzər marşrutuna birləşən digər iki əsas xətt artıq fəaliyyət göstərir:
- TANAP (Trans-Anadolu qaz kəməri) ildə 31 milyard kubmetr ötürmə gücünə malikdir və Azərbaycanı Türkiyə ilə birləşdirir.
- TAP (Trans-Adriatik qaz kəməri) isə ildə 10 milyard kubmetr gücü ilə Türkiyədən Yunanıstan və İtaliya istiqamətinə qaz nəql edir.
Beləliklə, Transxəzər layihəsinin reallaşması halında Türkmən qazı bu mövcud infrastruktura qoşularaq birbaşa Avropa bazarına çatdırıla bilər.
Bu layihə Qərbin enerji təhlükəsizliyi strategiyasına tam uyğundur: İran və Rusiya tranzitindən asılılığı azaldır.
Elə buna görə də, Türkmən qazının İran üzərindən Türkiyəyə çıxışı Qərbin baxışında strateji yanlış addım sayılır.
Türkmənistan “daimi neytrallıq” statusuna malik olsa da, enerji ixracı sahəsində çoxvektorlu siyasət aparır. Ölkənin Çinə qaz ixracı iqtisadi sabitlik verir, İranla ticarət regional balans yaradır, Azərbaycan və Türkiyə istiqaməti isə Qərbə inteqrasiyanın iqtisadi qapısıdır.
Bu səbəbdən Aşqabad, görünür, beynəlxalq təzyiqləri balanslaşdırmaq üçün “müvəqqəti dayandırma” qərarı verdi. Bu, nə layihədən imtina, nə də siyasi böhrandır – sadəcə yenidən qiymətləndirmə mərhələsidir.
Türkmən qazının Türkiyəyə və oradan Avropaya sabit şəkildə çatdırılması üçün hazırda iki əsas marşrut mümkündür.
Birinci variant İran üzərindən keçən marşrutdur. Bu yolun üstünlüyü ondadır ki, artıq hazır infrastruktur mövcuddur və qaz nəqli texniki baxımdan nisbətən qısa məsafə ilə həyata keçirilə bilər. Lakin bu istiqamətin ciddi çatışmazlıqları da var-Qərbin İranla bağlı sanksiyaları bu marşrutu siyasi cəhətdən risqli edir, həmçinin İranın daxili qaz tələbatı və texniki məhdudiyyətləri nəql prosesini sabit saxlamağa imkan vermir.
İkinci variant isə Transxəzər marşrutudur. Bu halda Türkmən qazı Xəzər dənizinin altı ilə Azərbaycana, oradan isə TANAP və TAP kəmərləri vasitəsilə Türkiyə və Avropaya ötürülə bilər. Bu marşrut siyasi baxımdan daha sabit, Qərb tərəfindən dəstəklənən və uzunmüddətli perspektivdə daha etibarlı hesab olunur. Bununla belə, layihənin həyata keçirilməsi xeyli maliyyə və texniki resurs tələb edir və hələ ki, danışıqlar mərhələsindədir.
Bahalı və çətin layihədir, lakin siyasi cəhətdən sabit və Qərb tərəfindən dəstəklənir.
Azərbaycan üçün də tranzit gəlirləri və strateji mövqe güclənməsi deməkdir.
Hazırkı vəziyyət göstərir ki, “Türkmənqaz”ın dayandırılma qərarı geosiyasi təzyiqlərin və Qərbin strateji istiqamətləndirməsinin nəticəsidir.
Yəni “sualtı daşlar” əslində enerji diplomatiyasının sərt reallıqlarıdır.
Yəni Türkmənistanın Türkiyəyə qaz tədarükünü dayandırması texniki fasilə deyil, regionda enerji marşrutları üzərində gedən böyük geosiyasi rəqabətin təzahürüdür.
Qərb Türkmən qazının İran üzərindən deyil, Transxəzər - Azərbaycan - Türkiyə xətti ilə daşınmasını istəyir.
Aşqabad isə hələlik bu “enerji şahmatında” son gedişini etməyib.
Akif NƏSİRLİ