AZ

Azərbaycanda baytarlıq preparatlarının Belarusla birgə istehsalının təmin edilməsi müzakirə olunub

Bakı, 28 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Belarusun kənd təsərrüfatı və ərzaq nazirinin müavini Vitaliy Kulak arasında görüş keçirilib.

Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər barədə məlumat verib. Görüşdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin artırılması müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib.

Daha sonra ölkəmizdə baytarlıq preparatlarının istehsalı üzrə müəssisənin yaradılması sahəsində əməkdaşlığın davam etdirilməsi, Belarusun qida obyektləri (quş, quş əti və onun sub məhsulları, eləcə də yumurta emalı və istehsalı müəssisələri) üzrə təsdiq sisteminin ekvivalentliyinin tanınması, ölkəmizdə sınaqdan keçirilmiş Belarus kənd təsərrüfatı bitkilərinin sortlarının Azərbaycanın milli reyestrinə daxil edilməsi imkanları müzakirə olunub. Eyni zamanda, respublikamızda baytarlıq preparatlarının Belarusla birgə istehsalının təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.

Seçilən
25
1
azertag.az

2Mənbələr