AZ

Putin Zelenskinin “Tomahawk”ına qarşı “Burevestnik”i çıxardı...


Ramil Məmmədli: “Ukrayna müharibəsi Rusiyanı bu və ya digər dərəcədə tükəndirir”

ABŞ prezidenti Donald Tramp Rusiyanın nüvə başlığı daşıya bilən "Burevestnik" qanadlı qitələrarası raket sınağına münasibət bildirib. Bundan bir gün öncə Kreml raketin sınaqdan uğurla keçdiyini bildirib.

Hərbi geyimdə çıxış edən prezident Vladimir Putin bu raketi "dünyada analoqu olmayan unikal silah" adlandırıb. Putin iddia edib ki, raketin uçuş məsafəsi məhdudiyyətsizdir, trayektoriyasını proqnozlaşdırmaq mümkün deyil və bu, onu mövcud və gələcək hava və raketdən müdafiə sistemləri qarşısında toxunulmaz edir. Rusiya Baş Qərargahının məlumatına görə, raket 14 min kilometr məsafə qət edib, bu da onun ABŞ ərazisini vurmağa qadir olduğunu göstərir.

Tramp Rusiyanın raket sınağı barədə jurnalistlərin sualına cavabında deyib ki, "Putin belə danışmamalıdır", əvəzində artıq dörd ildir gedən Ukrayna münaqişəsini başa çatdırmalıdır. "Raket sınaqları keçirməkdənsə, onlar bu məsələ ilə məşğul olmalıdırlar", – Tramp vurğulayıb. "Oyun oynamırıq", - deyən Tramp əlavə edib ki, ABŞ da mütəmadi raket sınaqları aparır, həmçinin Rusiyanın sahilləri yaxınlığında "dünyada ən yaxşı" Amerika nüvə sualtı qayığı yerləşir: "Onun 8 min mil (13 min kilometr) məsafə qət etməsinə ehtiyac yoxdur".

Aydın məsələdir ki, indiki məqamda Putin "Burevestnik" qanadlı qitələrarası raketi sınaqdan keçirməklə, onu “Tomahawk”raketinə qarşı qoyur. Yəni siz Rusiyanın dərin nöqtələrini vursanız, biz də sizi vurarıq. Maraqlıdır, Putin bununla nə qədər düzgün və güclü gediş edir?

“O baxımdan hesab edirəm ki, Putin müharibənin dayandırılması barədə düşünsə daha yaxşı olar”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, Putinin “Tomahawk”la bağlı əks gedişini uğurlu hesab etmək olmaz: “Bununla bağlı kifayət qədər arqument səsləndirmək olar. Rusiya 4 ilə yaxındır qarşısına qoyduğu hədəflərə çata bilmir. Rusiyanın bütün iqtisadiyyatı hərbi rels üzərinə keçirilib. Valyuta ehtiyatları tükənir. Əsgəri itkilərinin sayı-hesabı yoxdur. Bunun hələ demoqrafik baxımdan fəsadları bir müddət sonra özünü göstərəcək. Onsuz da Rusiyada hələ müharibə başlamamış əhalinin sayı hər il 1 milyon nəfər azalırdı. Müharibə başlayandan sonra bu tendensiya daha da güclənib. Ukrayna müharibəsi Rusiyanı bu və ya digər dərəcədə tükəndirir. Bundan ən çox qazanan Çindir. Ucuz qiymətə Rusiyanın təbii resurslarını əldə edir. Artıq Rusiya əvvəlki kimi neftini ucuz qiymətə sata bilmir. Hindistan sanksiyalar səbəbindən Rusiya neftindən imtina edir. Bir neçə il əvvəl "Burevestnik" qanadlı raketlərinin sınaqdan keçirilməsi uğursuz oldu. Ukraynada gedən tükəndirici müharibə fonunda sözügedən raketlərin kütləvi istehsalı Rusiyaya iqtisadi baxımdan sərfəli deyil. Unutmaq olmaz ki, bir zamanlar silahlanma yarışı SSRİ-nin süqutu ilə nəticələndi. O baxımdan hesab edirəm ki, Putin Ukrayna müharibəsinin dayandırılması barədə düşünsə daha yaxşı olar. Birləşmiş Ştatlar “Tomahawk”qanadlı raketlərini versə, Ukrayna Rusiyanın dərinliklərində yerləşən strateji hədəflərə zərbələr endirəcək. Bu zaman düşünmürəm ki, "Burevestnik" qanadlı raketləri Rusiyanı xilas etsin”.

Vidadi ORDAHALLI

Seçilən
59
baki-xeber.com

1Mənbələr