Oktyabrın 28-də Nizami Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
"Unikal" xəbər verir ki, Konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, sədr müavini Vahid Hətəmov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, eləcə də ağsaqqallar, ziyalılar və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov konfransda çıxış edərək Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb. Nizami rayonunda növbəti dəfə ağsaqqallarla görüşdən məmnun olduğunu bildirib. Rayon Ağsaqqallar Şurasının hesabatını qənaətbəxş qiymətləndirən natiq xüsusilə Şuranın İcra Hakimiyyəti və YAP-ın yerli təşkilatı ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərməsini yüksək dəyərləndirib. Sonra Əhliman Əmiraslanov öz nitqində Azərbaycan xalqının Ümummilli Lideri, müasir tariximizin qurucusu Heydər Əliyevin Vətənimiz qarşısında böyük xidmətlərindən ətraflı bəhs edərək, Ulu Öndərin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin uğurlu prezidentlik fəaliyyətindən, onun rəhbərliyi ilə ölkəmizin qazandığı misilsiz nailiyyətlərdən söz açıb. Vurğulayıb ki, möhtəşəm Zəfərdən sonra hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda geniş bərpa-quruculuq işləri həyata keçirilir və “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərimiz öz ata-baba yurdlarına qayıdırlar. Əhliman Əmiraslanov öz nitqində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən, ölkəmizdəki davamlı inkişaf prosesindən ətraflı bəhs edib. Dövlətimizin başçısına ABŞ Prezidenti Donald Tramp və digər nüfuzlu şəxsiyyətlər tərəfindən göstərilən yüksək diqqət və hörməti bir daha tədbir iştirakçılarına xatırladıb. Bildirib ki, biz ağsaqqallar hər zaman olduğu kimi bu gün də dünya şöhrətli Prezidentimizin ətrafında sıx birləşməli, öz fəaliyyətimizlə ona dəstək olmalıyıq. Daha sonra natiq cəmiyyətimizdəki bəzi problemlərə də toxunaraq, boşanma hallarının artmasından, hələ də müşahidə olunan erkən nikahlardan, o cümlədən bioloji qohumluğu olan şəxslər arasındakı evliliklərin fəsadlarından bəhs edib. Böyük təəssüf hissi ilə gənclər arasındakı narkomaniya aludəçiliyindən söz açıb. Vurğulayıb ki, bu problemlərə qarşı hər birimiz, xüsusilə ağsaqqallar öz maarifləndirici fəaliyyətləri ilə ciddi mübarizə aparmalı, əllərindən gələni əsirgəməməlidirlər. Çıxışının sonunda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Nizami Rayon Ağsaqqallar Şurasının bundan sonra da öz işlərini aktiv şəkildə davam etdirəcəyinə əminliyini ifadə edib və hər kəsə möhkəm cansağlığı, uğurlar arzulayıb.
.jpg) 
                        