AZ

İqtisadçı ikinci telefona 100 manat aksiz vergisi tətbiqindən DANIŞDI

Azərbaycana gətirilən mobil cihazlara gömrük rüsumu ilə paralel aksiz vergisi də tətbiq ediləcək. Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Beləliklə, bazar qiymətindən asılı olmayaraq təqvim ili ərzində 1 ədəddən artıq mobil cihaz üçün 100 manat aksiz vergisi tətbiq olunacaq.

Bəs bu, bazarda qiymətlərə necə təsir göstərəcək? Vergi artımı istehlakçıların mobil cihaz alışına necə təsir edə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı Günay Hüseynova bildirdi ki, hazırkı qanun layihəsinə əsasən, ölkəyə yeni mobil cihaz daxil olduqda, mobil cihazın qiymətindən asılı olaraq gömrük rüsumu tətbiq olunurdu.

"Yeni qanuna əsasən isə həmin bu gömrük rüsumundan əlavə 100 manat aksiz vergisi tətbiq olunacaq. Təbii ki, bu, alıcılıq qabiliyyətinin aşağı olmasına təsir göstərəcək. Çünki bazarda istehlakçıların büdcəsinə uyğun mobil telefonlar var. Hal-hazırda qiymətdən asılı olmayaraq yeni rüsumun tətbiqi, təbii ki, ucuz mobil telefonların da qiymətlərinin artmasına təsir göstərəcək. Bu da, təbii ki, alıcılıq qabiliyyətinə təsir edəcək. Nəticə etibarilə ikinci əl mobil telefonlara yönəlmə olacaq".

Onun fikrincə, alıcılıq qabiliyyətinin aşağı enməsi isə mağazaların gəlirliliyinə təsir göstərəcək.

"Mobil cihazlar həyatımızın ayrılmaz hissəsidir. Bəzən olur ki, lazımlı-lazımsız ikinci, hətta üçüncü mobil cihaz istifadə edənlər olur. Qiymət artımı istehlakçıların büdcəsinə mənfi təsir göstərəcək. Mağazaların gəlirliliyi də azalacaq. Müəyyən kredit kampaniyaların, başqa digər kampaniyaların həyata keçiriləcəyini düşünürəm. Sadəcə alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə məsələ bitmir. Onların mağazalarının gəlirlərinə də təsir göstərir. Bundan əlavə, digər vergilərin də tətbiqi təbii ki, sahibkarlar üçün çətin vəziyyət yaradır", - deyə iqtisadçı yekunlaşdırdı. 

Aytəkin TOFİQQIZI

Seçilən
21
1
redaktor.az

2Mənbələr