Macarıstan Avropa İttifaqında Ukraynaya qarşı skeptik mövqe tutan yeni bir alyans yaratmağı planlaşdırır.
Ölkə.Az-ın məlumatına görə, bu barədə "Politico" nəşrinə Macarıstanın Baş naziri Viktor Orbanın baş siyasi müşaviri Balaj Orban məlumat verib.
Onun sözlərinə görə, Viktor Orban Çexiyada parlament seçkilərində qalib gəlmiş ANO partiyasının lideri Andrej Babiş və Slovakiyanın Baş naziri Robert Fitso ilə birləşməyi planlaşdırır. Belə bir siyasi alyans bu ilin dekabrında keçiriləcək Aİ liderlərinin sammitindən əvvəl formalaşa bilər.
"Politico" yazır ki, bu cür birləşmə Avropa İttifaqının Ukraynaya maliyyə və hərbi yardım göstərmək səylərini əhəmiyyətli dərəcədə çətinləşdirə bilər. Lakin nəşr qeyd edir ki, alyansın yaradılması müəyyən vaxt tələb edəcək.
Qeyd olunur ki, Robert Fitso bundan əvvəl Macarıstan lideri ilə konkret siyasi istiqamətlər üzrə rəsmi ittifaqdan çəkinib, Andrej Babiş isə hələ hökumətini formalaşdırmayıb.