Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində Şamaxıda "Karvan-Yevlax"la qarşılaşan "Şəki Siti" Premyer Liqa təmsilçisinə əlavə vaxtda buraxdığı qollarla uduzdu - 1:3. Elita komandasına çətin anlar yaşadan 2-ci Liqa təmsilçisinin baş məşqçisi Elvin Həsənovla əlaqə saxlayıb gərgin matç barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Karvan-Yevlax"ın oyunlarını izləmiş, rəqibi təhlil etmişdik. Onların zəif və güclü tərəflərini öyrənmişdik. Təhlillərimizə rəğmən, "Karvan"ı mübarizədən kənarlaşdıra biləcəyimiz real görünmürdü. Elita təmsilçisi ilə 2-ci Liqa komandası arasında fərq çox böyükdür. Bizə səviyyəcə yaxın rəqib olsaydı, nəsə etmək olardı.
İlk 15-20 dəqiqədən sonra uşaqlar oyuna uyğunkaşdılar, hiss etdilər ki, oynamaq olar. Əsas odur ki, çəkinmədik, qorxmadıq. Öz futbolumuzu oynadıq. Tapşırıq da bu idi ki, hesabdan asılı olmayaraq, güclü rəqibə qarşı öz gedişlərimizi edək, layiqli çıxış sərgiləyək. İlk qolu əks-hücumdan buraxdıq. Sonra rəqib ardıcıl hücumlar etsə də, onlara real qol epizodu vermədik. İki təhlükəli vəziyyətimiz oldu ki, onlardan birində futbolçumuz qapıçı ilə təkbətək çıxsa da, fütsəti qaçırdı. Məncə, məğlubiyyətə baxmayaraq, "Şəki Siti" adına özümüzü göstərə bildik. Sübut etdik ki, az büdcə ilə də nələrsə etmək, yaxşı komanda qurmaq olar. Bu oyun, bu turnir artıq bizim üçün geridə qaldı. Çempionatda "Göygöl"lə oyunumuz var. Həmin görüşə hazırlaşacağıq".
Nihat