AZ

Mahir üçün böyük şans – “gözünün düşməni” sıradan çıxdı!

Mahir Emrelinin formasını geydiyi “Kayzerslautern”in 2-ci bundesliqanın evdə keçirilən 10-cu tur matçında “Nürnberq”lə heç-heçə etdiyini (1:1) yazmışdıq.

Əlbəttə, belə nəticə “qırmızı iblislər” üçün sərfəli sayıla bilməz. Ona görə ki, 1-ci bundesliqaya yüksəlmək uğrunda mübarizə aparan komandanın 18 iştirakçı arasında 15-ci yerdə qərarlaşan “Nürnberq”lə bacarmaması uğursuzluqdan başqa bir şey deyil.

Bəs “Kayzerslautern”in xal itkisinin arxasında dayanan səbəb nədi?

“Football-plus.az”ın məlumatına görə, “Bild” bunu Torsten Liberknextin komandasında olan ciddi itkilərlə izah edib. Almaniyalı həmkarlarımız bildirib ki, “qırmızı iblislər” bu matçda ulduz futbolçularının xidmətindən məhrum imiş Söhbət sarı vərəqə cəzalısı Fabyan Kunze (yarımmüdafiəçi), oyundan əvvəl özünü yaxşı hiss etməyən Ji Su Kim (mərkəz müdafiəçisi), qripə yoluxan Mahir Emreli (mərkəz hücumçusu) və axil vətərindən baldıra keçid zamanı əzələ lifi yırtığından əziyyət çəkən İvan Prtayindən (mərkəz hücumçusu) gedir.

Burda diqqətiçəkən ad daha əvvəl haqqında bilgi verdiyimiz Prtayindi. Biz onu oxucularımıza Mahirin mövqe uğrunda rəqabətdə uduzduğu əsas şəxs kimi təqdim etmişdik. Hər halda, 7 çempionat oyununda 8 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan futbolçu haqda məhz belə düşünməyə məcburuq. Onun yoxluğunda Mahirin şans qazanmaq ehtimalı yetərincə artır desək, yanılmarıq. Belədə həmvətənimizin tezliklə qripdən yaxa qurtarmasını, necə deyərlər, Prtayini qabaqlamasını arzulamaqdan başqa çarə yoxdu. Tez sağal, Mahir!

Maraq üçün qeyd edək ki, “Kayzerslautern” 19 xalla 5-ci sıradadı və lider “Şalke-04”dən 5 xal geri qalır.

KƏNAN BAHADIR

Seçilən
38
1
football-plus.az

2Mənbələr