Müasir dünyada dövlətlərin,xalqların maraqlarının qorunması təkcə siyasi və iqtisadi vasitələrlə deyil, həm də humanitar, xeyriyyəçilik fəaliyyətləri ilə həyata keçirilir.
Qloballaşma prosesləri, sosial bərabərsizlik və regional münaqişələr şəraitində beynəlxalq xeyriyyəçilik aktları cəmiyyətlər arasında həmrəyliyin güclənməsinə, sülh və sabitliyin bərqərar olmasına xidmət edir. Bu mənada xeyriyyəçilik sadəcə humanist bir addım deyil, həm də dövlət siyasətinin, milli imicin və ictimai maraqların müdafiəsinin effektiv alətinə çevrilir.
Ölkəmizin beynəlxalq humanitar fəaliyyətləri Heydər Əliyev Fondunun genişmiqyaslı xeyriyyəçilik proqramları ilə sıx bağlıdır
Beynəlxalq xeyriyyəçilik aktları dedikdə, bir dövlətin, təşkilatın və ya şəxsin digər ölkələrdə və ya beynəlxalq səviyyədə həyata keçirdiyi sosial-humanitar təşəbbüslər nəzərdə tutulur. Bu fəaliyyətlər adətən təhsil, səhiyyə, mədəni irs, ekoloji problemlər və qaçqınlara yardım kimi istiqamətləri əhatə edir. Belə təşəbbüslər, bir tərəfdən, ehtiyacı olan cəmiyyətlərə dəstək göstərir, digər tərəfdən isə donor ölkənin beynəlxalq imicini gücləndirərək onun humanist və məsuliyyətli dövlət kimi qəbul olunmasına şərait yaradır.
Azərbaycan bu sahədə nümunəvi təcrübəyə malikdir. Ölkənin beynəlxalq humanitar fəaliyyəti Heydər Əliyev Fondunun genişmiqyaslı xeyriyyəçilik proqramları ilə sıx bağlıdır. Fondun təşəbbüsü ilə dünyanın müxtəlif bölgələrində məktəblər, xəstəxanalar, uşaq evləri və mədəniyyət abidələri bərpa edilmişdir. Vatikanda, Parisdə, Pakistanda, İndoneziyada və digər ölkələrdə həyata keçirilən bu layihələr yalnız humanitar məqsədlərə xidmət etmir, həm də Azərbaycanın sülhsevər, tolerant və humanist dövlət imicini möhkəmləndirir. Bütün bunlar fonunda təsadüfi deyil ki, ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri və keçirdiyi görüşlər dünya mediasının diqqət mərkəzində olub. Xatırladaq ki, həmin səfər zamanıBirinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb.Roma Papası XIV Leo tərəfindən qəbul olunduğuna görə təşəkkürünü bildirən Azərbaycanın Birinci vitse-prezidenti son illərdə Vatikan ilə Azərbaycan arasında münasibətlərin möhkəmləndiyini vurğulayıb. Mehriban Əliyeva Heydər Əliyev Fondunun bərpa işlərində, həmçinin elmi araşdırmalarda, mədəni mübadilələrdə Müqəddəs Taxt-Tacla bir çox işlər gördüyünü bildirib. Birinci vitse-prezident Heydər Əliyev Fondu ilə Vatikan arasında imzalanmış sazişlərə əsasən bəzi layihələrin uğurla başa çatmasından sonra digərlərinin icrasına başlanıldığını qeyd edib. Mehriban Əliyeva deyib ki, Heydər Əliyev Fondu mədəni və dini dialoqu təşviq edən layihələr vasitəsilə Vatikan ilə əməkdaşlığını bundan sonra da genişləndirəcək. Görüşdə Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti, eyni zamanda, ikinci Katolik Kilsəsinin tikintisi ilə əlaqədar aparılan hazırlıq işləri barədə məlumat verilib. Roma Papası XIV Leo Vatikan ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın uzun tarixini yüksək qiymətləndirib. Papa Leo Mehriban Əliyevanın irəli sürdüyü təşəbbüslərə görə təşəkkürünü bildirib, onların əməkdaşlığının dinlərarası və sivilizasiyalararası dialoqa çox böyük təkan verdiyini, Azərbaycanın da bu baxımdan dünya miqyasında ilk sıralarda yer aldığını qeyd edib. O, Vatikanın bu birgə layihələrin davam etdirilməsində maraqlı olduğunu bildirib. Xatırladaq ki, Mehriban Əliyeva Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə də görüşüb. Elə bu fonda İtaliyanın “Eurasiaticanews” portalı yazır ki, Azərbaycanın birinci vitse-prezidenti Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak edib, həyata keçirilmiş bərpa işlərlə tanış olub. Heydər Əliyev Fondu və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında Kommodilla katakombalarının bərpası ilə bağlı müqavilə 2021-ci il martın 4-də imzalanıb. “Eurasiaticanews” portalı yazır ki, konservasiya işləri Kommodilla katakombalarını inkişaf etdirmək məqsədi daşıyıb. Buradakı bərpa işləri işçilərin sağlamlığı üçün yaşıl məhsulların istifadəsi, nanotexnologiya ilə hazırlanmış məhsulların konsolidasiya edilməsi və boyalı səthlərdə lazer texnologiyasının istifadəsi daxil olmaqla ən qabaqcıl üsullar və metodologiyalar əsasında yerinə yetirilib. İstifadə olunan bütün materiallar yeraltı mühitlə yüksək uyğunluğu üçün seçilib. Vurğulanır ki, Heydər Əliyev Fondu Vatikanda genişmiqyaslı bərpa işlərini fəal şəkildə maliyyələşdirməklə dünya mədəni irsinin qorunmasına mühüm töhfə verir. Bu təşəbbüslər Müqəddəs Taxt-Tac tərəfindən səmərəli əməkdaşlıq və mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi nümunəsi kimi yüksək qiymətləndirilir.
Ukrayna uşaqların reabilitasiyasında Azərbaycanın dəstəyini yüksək qiymətləndirir
Beynəlxalq xeyriyyəçilik aktlarının ictimai maraqlara xidmət edən mühüm tərəfi isə onun sosial həmrəylik və mənəvi birliyi gücləndirməsidir. Bu fəaliyyətlər vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının və könüllü hərəkatların inkişafına təkan verir. Xeyriyyəçilik təşəbbüsləri vasitəsilə cəmiyyətin müxtəlif təbəqələri bir məqsəd ətrafında birləşir – insanlara yardım etmək və ümumi rifahı artırmaq. Bu da öz növbəsində dövlətin dayanıqlı sosial siyasətinin tərkib hissəsinə çevrilir.
Digər tərəfdən, beynəlxalq xeyriyyəçilik fəaliyyəti milli-mədəni dəyərlərin dünyaya tanıdılmasına imkan yaradır.Beynəlxalq xeyriyyəçilik aktları həm də qlobal təhlükəsizlik və sülhün qorunmasına mühüm töhfə verir. Münaqişə və təbii fəlakət bölgələrində həyata keçirilən humanitar yardım proqramları insanların həyat şəraitinin yaxşılaşdırılmasına, gərginliklərin azaldılmasına və qarşılıqlı inamın bərpasına xidmət edir. Azərbaycan son illərdə bu istiqamətdə də fəal mövqe nümayiş etdirir – Qəzzaya, Ukraynaya, Əfqanıstana və digər bölgələrə göndərilən humanitar yardımlar bunun bariz nümunəsidir. Ukraynanın İrpen şəhər merinin səlahiyyətlərini icra edən Anjela Makeyeva Azərbaycanın bu sahədə addımlarını yüksək qiymətləndirir: “Bu günlərdə Bakı şəhərinə işgüzar səfərdən qayıtmışam. Ölkəmizə, eləcə də qəhrəman şəhərimiz İrpenə göstərdikləri dəstəyə görə Azərbaycan xalqına və hökumətinə səmimi minnətdarlığımı bildirirəm. Biz Azərbaycan və Ukrayna hökumətləri arasında imzalanma mərhələsində olan dörd layihəni müzakirə etdik. Bunlar dörd mühüm obyekt - Mədəniyyət Evi, çoxmənzilli yaşayış binası, uşaq və uşaq-gənclər idman məktəbi, həmçinin incəsənət mərkəzi olacaq.Layihələrin icrası ilə bağlı Ukrayna tərəfindən razılaşdırılmış bütün sənədlər artıq Azərbaycan Xarici İşlər Nazirliyinə təqdim olunub. Ümid edirik ki, yaxın vaxtlarda bu layihələrin icrasına başlaya biləcəyik”. Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev isə bildirib ki, Ukrayna uşaqların reabilitasiyasında Azərbaycanın dəstəyini yüksək qiymətləndirir. Onun sözlərinə görə, həyata keçirilən proqram Kiyev və ukraynalı uşaqlar üçün böyük əhəmiyyət kəsb edir. Qeyd edək ki, bu günlərdə Ukraynadakı müharibədən əziyyət çəkən daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilib. Ümumilikdə, 260-dan çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya keçib. Bütün bunlar həm də onu göstərir ki, dövlətlər üçün beynəlxalq səviyyədə münasibətlərin inkişafı yalnız diplomatik danışıqlarla deyil, həm də humanitar jestlərlə reallaşır. Bu jestlər bəzən rəsmi diplomatik addımlardan daha çox təsir gücünə malik olur, çünki onlar xalqların hisslərinə və dəyərlərinə toxunur. Nəticə etibarilə, ictimai və dövlət maraqlarının beynəlxalq xeyriyyəçilik aktları ilə müdafiəsi çağdaş dövrdə effektiv və zəruri vasitədir. Belə fəaliyyətlər həm cəmiyyətin mənəvi dəyərlərini gücləndirir, həm də dövlətin beynəlxalq nüfuzunu möhkəmləndirir. Azərbaycan bu sahədə formalaşdırdığı humanitar diplomatiya modeli ilə göstərir ki, xeyriyyəçilik təkcə yardım deyil, həm də strateji düşünülmüş dövlət siyasətidir. Bu siyasət sülhün, tolerantlığın və qarşılıqlı anlaşmanın yayılmasına xidmət etməklə yanaşı, milli maraqların müdafiəsi üçün ən zərif, lakin ən təsirli yoldur.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.