Fikrət Yusifov: “Ermənistan indi Azərbaycana real işləyə biləcək yolu təklif edir”
Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırması barədə bəyanatı tarixi hadisədir və İrəvanın da müvafiq addımlar atması vacibdir. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
Onun sözlərinə görə, Qazaxıstandan Azərbaycan üzərindən Ermənistana taxılın ilk daşınması Azərbaycan-Gürcüstan-Ermənistan dəmir yolu marşrutu ilə həyata keçiriləcək: “İrəvan bu gündən etibarən yük maşınlarının Türkiyədən Azərbaycana və geriyə tranzitini təmin etməyə hazırdır. Yük maşınlarının keçməsi üçün biz Marqara-Yeheqnadzor-Sisyan-Gorus yolunu təklif edirik. Hazırda Ermənistan tərəfinin həyata keçirə biləcəyi yeganə variant budur”.
Göründüyü kimi, Paşinyan Azərbaycana uzun yol təklif edir. Sözügedən yol Gümrüdən başlayıb Laçın yoluna çıxır. Daha sonra Qarabağdan keçərək Bakıya gəlir. Paşinyan deyir ki, bu yolu indi aça bilərik. Bu uzunluqda və üstəlik dağlıq ərazidən keçən yol təklif etməkdənsə, Zəngəzurdan keçməklə 42 kilometrlik yol niyə olmasın ki? Söhbət Ağbənddən Naxçıvana qədər olan 42 kilometrlik yoldan gedir. Daha sonra Naxçıvandan da Türkiyəyə keçmək. Digər tərəfdən Naxçıvandan Arazdəyəni keçməklə İrəvana məsafə daha yaxındır. Paşinyan qısa yolu qoyub uzun dağ yolunu niyə təklif edir? Bu, məsələnin bir tərəfi. İkincisi, Zəngəzur yolu açılmamış Azərbaycan Marqara-Yeheqnadzor-Sisyan-Gorus yolunu açarmı? Belə uzun yolun açılması Azərbaycana lazımdır? Nəyə görə Zəngəzur yolunu açmazdan əvvəl Ermənistan Marqara-Yeheqnadzor-Sisyan-Gorus yolu üstündə belə oyun aparır?
“Zəngəzur dəhlizinin Ermənistan hissəsində 44 günlük müharibədən ötən dövrdə heç bir iş görülməyib”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən sabiq maliyyə naziri, professor Fikrət Yusifov bütün bunlara bir neçə prizmadan yanaşdı: “Bildiyim qədər, Zəngəzur dəhlizinin Ermənistan hissəsində 44 günlük müharibədən ötən dövrdə heç bir iş görülməyib. Yalnız Azərbaycan öz ərazisində bu işlərin demək olar ki, böyük bir hissəsini yerinə yetirib. Ermənistan baş nazirinin ölkəsi üzərindən Azərbaycana aid yüklərin daşınması üçün təklif etdiyi uzun marşrut isə yəqin yeganə mövcud işlək yoldur. Yəni Ermənistan indi Azərbaycana real işləyə biləcək yolu təklif edir. Əgər yüklərin Zəngəzur dəhlizindən keçərək Türkiyə üzərində daşınması indi mümkündürsə (mən bildiyim qədər, bu indi mümkün deyil) və Ermənistan bunu əngəlləyirsə, bu, ortada yenicə yaranmağa başlayan etimada ciddi zərbə olardı. Düşünmürəm ki, Azərbaycanla və Türkiyə ilə münasibətləri nizama salmaq üçün dəridən-qabıqdan çıxan Paşinyan bu qədər risk etsin. Çünki o yaxşı başa düşür ki, bundan sonra edəcəyi hər hansı bir yanlış münasibətlərdə çətinliklə əldə olunmuş pozitiv nəticələrin alt-üst olmasına gətirib çıxarar. Paşinyana indi bu heç lazım deyil. O səbəbdən hesab edirəm ki, Ermənistanın bu addımını Azərbaycanın atdığı addımların qarşılığı kimi dəyərləndirmək lazımdır”.
Vidadi ORDAHALLI