Donald Tramp bazar ertəsi günü ABŞ prezidenti postuna yenidən namizədliyini irəli sürmək ehtimalını təkzib etməyib və hələlik Konstitusiyanın iki müddətdən artıq prezidentlik qadağasını məhkəmədə mübahisələndirmək variantını nəzərdən keçirmədiyini bildirib.
"Reuters" bu hipotetik üçüncü müddətin qarşısında duran hüquqi maneələri sadalayıb.
Musavat.com xarici agentliklərə istinaədn xəbər verir ki, bununla bağlı Qərb mətbuatında ekspertlər arasında müxtəlif fikirlər səslənir.
ABŞ Konstitusiyası nə deyir?
ABŞ Konstitusiyasının 22-ci düzəlişinə görə:
“Heç kəs iki dəfədən artıq Prezident seçilə bilməz”.
Bu düzəliş 1951-ci ildə ratifikasiya olunub. Onun qəbuluna səbəb, ABŞ-ın keçmiş prezidenti Franklin Delano Ruzveltin uzun illər ərzində – Böyük Depressiya və İkinci Dünya Müharibəsi dövründə – dörd dəfə prezident seçilməsi idi. Ruzvelt 1945-ci ildə, dördüncü müddətinin əvvəlində vəfat etmişdi.
Kvinnipian Universitetinin hüquq professoru Ueyn Anqer bildirib ki, Konstitusiya prezidentin səlahiyyətlərini iki dördillik müddətlə məhdudlaşdırır və Trampın bu qadağanı məhkəmədə mübahisələndirməsi praktik olaraq nəticəsiz qalacaq.
“Ali Məhkəmə yəqin ki, belə deyəcək: hər şey aydındır - iki müddət, hər biri dörd il. Donald Tramp, siz üçüncü dəfə namizəd ola bilməzsiniz”, - deyə professor qeyd edib.
Trampın tərəfdarları Konstitusiyanı dəyişə bilərmi?
Nəzəri cəhətdən – bəli, lakin bu, demokratlarla respublikaçılar arasındakı dərin siyasi qütbləşmə şəraitində son dərəcə az ehtimal olunan bir haldır.
Konstitusiyaya hər hansı düzəlişin qəbul olunması üçün:
Nümayəndələr Palatası və Senatda səs çoxluğunun üçdə ikisi,və ya ən azı 50 ştatdan 34-nün qanunverici orqanlarının tələbi ilə milli konvent çağırılmalıdır;
Daha sonra düzəliş 50 ştatdan 38-nin qanunverici orqanı tərəfindən ratifikasiya edilməlidir.
Hazırda respublikaçılar Palatada 218 səsə qarşı 213, Senatda isə 53-47 üstünlüyə malikdirlər və 28 ştatın qanunverici orqanlarını nəzarətdə saxlayırlar.
Tennessi ştatından olan respublikaçı konqresmen Endi Oqls 2025-ci ilin yanvarında 22-ci düzəlişin dəyişdirilməsi təklifini irəli sürüb. Onun təklifinə görə, prezident vəzifəsini üç dəfə, lakin ardıcıl olmayan müddətlərdə tutmağa icazə verilməlidir.
Əgər bu təklif qəbul olunsa, Tramp — 2017–2021 və 2025–2029-cu illərdəki prezidentlik dövrlərindən sonra — 2029-cu ildən başlayaraq üçüncü dəfə prezident ola bilər.
Tramp vitse-prezident ola bilərmi?
NBC-yə müsahibəsində Tramp demişdi ki, mümkün variantlardan biri onun JD Vensin prezidentliyi altında vitse-prezident postuna namizəd olmasıdır.
Bu halda, Vens seçkidə qalib gəldikdən sonra istefa verər və Trampa yenidən Ağ Evə qayıtmaq imkanı yaranardı.
Lakin bu ssenari hüquqi cəhətdən qətiyyən mümkün deyil.
ABŞ Konstitusiyasının 12-ci düzəlişinə əsasən:
“Prezident seçilmək hüququna malik olmayan şəxs, vitse-prezident postuna da seçilə bilməz”.
Bu səbəbdən, Donald Tramp nə üçüncü dəfə prezident, nə də vitse-prezident ola bilər.
Musavat.com