AZ

“Melissa” qasırğası Yamayka sahillərinə çatıb

Vaşinqton, 28 oktyabr, AZƏRTAC

Atlantik okeanının ən güclü qasırğası kimi dəyərləndirilən “Melissa” Yamaykanın Nyu-Hope şəhərində sahilə çatıb.

AZƏRTAC xəbər verir ki, Milli Qasırğa Mərkəzinin açıqlamasına əsasən 5-ci kateqoriyalı qasırğanın sürəti saatda 300 kilometrə çatır.

Yamaykanın Baş nazir Endryu Holnes CNN-ə bildirib ki, “Melissa” qasırğası Yamaykaya fəlakətli ziyan vuracaq.

"Regionda, bəlkə də dünyanın heç bir yerində 5-ci kateqoriyalı qasırğaya tab gətirə biləcək heç bir infrastruktur yoxdur",- deyə o, əlavə edib. Qasırğanın ada ölkəsinə dağıdıcı təsir yetirəcəyinə dair proqnozlar səsləndirilir. Yamayka heç vaxt 5-ci kateqoriyalı qasırğaya məruz qalmayıb və BMT onu "əsrin qasırğası" adlandırıb.

“Melissa” qasırğası artıq yeddi ölümə səbəb olub və bunlardan üçü hazırlıq zamanı Yamaykada, üçü Haitidə, biri Dominikan Respublikasında qeydə alınıb.

5-ci kateqoriya qasırğa Saffir-Simpson şkalasına əsasən ən yüksək göstəricidir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
45
23
azertag.az

10Mənbələr