AZ

“Bakı və İrəvan “3+3” masasına hazırlaşır” - Kənan Novruzov

“Prinsipcə, “3+3” formatında iclasların Bakı və İrəvanda keçirilməsi mümkündür və mən düşünürəm ki, belə də olacaq. İndiyədək “3+3” formatı qüvvədə olsa da, Azərbaycan-Ermənistan münasibətlərindəki gərginlik səbəbindən iclaslar Bakıda və İrəvanda keçirilə bilmirdi. Azərbaycan nümayəndələri Ermənistana gedə bilmirdi, Ermənistan nümayəndələri isə Azərbaycana gəlmirdi. Nəticədə iclaslar digər dörd dövlətdə keçirilirdi. Son zamanlar vəziyyət dəyişib. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana gediblər, qarşı tərəfin nümayəndələri isə növbəti dəfə Azərbaycana gələcək”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Xatırladaq ki, "3+3” formatında növbəti iclas ya Azərbaycanda, ya da Ermənistanda keçiriləcək. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, görüşün keçirilmə qaydası Azərbaycan tərəfi ilə müzakirə olunur. Nazir vurğulayıb ki, “3+3” Ermənistan üçün qonşu ölkələrlə münasibətlərin inkişafında vacibdir. Qeyd edək ki, əvvəlki görüşlər Moskva, Tehran və İstanbulda baş tutub, sonuncusu isə 2024-cü il oktyabrın 18-də keçirilib.

Siyasi şərhçi bildirib ki, bu addımlar, Vaşinqtonda əldə olunan razılaşmalardan sonra etimad mühitinin normallaşdırılması istiqamətində mühüm irəliləyişləri göstərir.

Seçilən
40
aznews.az

1Mənbələr