AZ

Azərbaycan nümayəndə heyəti Avropa Landşaft Konvensiyasının 25 illiyinə həsr olunmuş konfransda iştirak edib

Bakı, 28 oktyabr, AZƏRTAC

Oktyabrın 28-də İtaliyanın Florensiya şəhərində Avropa Landşaft Konvensiyasının 25 illiyinə həsr olunmuş konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyevanın rəhbərliyi ilə, ölkəmizin İtaliya Respublikasındakı səfiri Rəşad Aslanovun da yer aldığı nümayəndə heyəti ilə təmsil olunub.

Avropa Şurasının 41 üzvünün tərəf çıxdığı Florensiya Konvensiyasının yubiley konfransı zamanı açılış nitqini söyləyən İtaliyanın mədəniyyət naziri Alessandro Ciuli təbii landşaftların qorunması sahəsində əməkdaşlığın genişləndirilməsi, yeni proqram və təşəbbüslərin inkişaf etdirilməsinin vacibliyinə toxunub.

Konfransda çıxış edən U.Tağıyeva ölkəmizdə uğurla keçirilmiş COP29-un nəticələrinin landşaft mühafizəsi və davamlı inkişaf baxımından əhəmiyyətini vurğulayıb.

Nazir müavini Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı ekoloji bərpa işləri, yaşıllıq sahələrinin artırılması və torpaqların dayanıqlı istifadəsi istiqamətində görülən tədbirlər, eyni zamanda 2026-cı ildə Dünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcəyi ilə bağlı tədbir iştirakçılarına məlumat verib.

 

Seçilən
59
4
azertag.az

5Mənbələr