AZ

“Karvan-Yevlax”ın Yevlaxa qayıdacağı tarix açıqlandı – iki bəd, bir şad xəbər!

Uzun müddətdən sonra bu mövsüm premyer-liqaya qayıdan “Karvan-Yevlax”ın işləri yolunda getmir.

9 turda 5 xal toplayan komanda 11-ci pillədədi və sonuncu “Kəpəz”dən cəmi 2 xal öndədi. Bununla belə, kollektiv ev oyunlarını Yevlaxda yox, Şamaxı şəhər stadionunda keçirir. Səbəb bəllidi: özlərinin idman qurğusu premyer-liqanın tələblərinə uyğun deyil. İş o həddə çatıb ki, baş məşqçi Azər Həşimov ardıcıl iki oyundu uğursuz nəticələri həm də komandanın ev oyunlarını Yevlaxda keçirməməsiylə əlaqələndirir.

Bəs “Karvan-Yevlax” hansı poblemin öhdəsindən gələ bilmir? Yenilənən ot örtüyünə FİFA sertifikatının alınması bir neçə həftədi yubanır. Xatırlayırsızsa, klubun meneceri Oqtay Əlizadə hələ ötən ilin sentyabrında çatışmazlığın bir ay ərzində aradan qaldırılacağını bildirmişdi.

Öz aramızdı, bu gün-sabah oktyabrla vidalaşırıq. Deməli, vəziyyətin nə yerdə qaldığını öyrənməyin də vaxtı çatıb. Odu ki, üz tutduq klubun mətbuat xidmətinin rəhbəri Bəhruz Musayevə. Onun “Football-plus.az”a cavabı:
“Təəssüf ki, hələ FİFA sertifikatı ala bilməmişik. Bu proses tamamlanandan sonra sənədlər PFL-ə göndəriləcək. Qurumun təftiş qrupunun aparacağı yoxlama işlərindən sonra ev oyunlarımı Yevlaxda keçirə biləcəyik. Məqsəd noyabrın 21-də Misli premyer-liqasının 12-ci turu çərçivəsində “Kəpəz”lə ev oyununun Yevlaxda keçirilməsinə nail olmaqdı”.
Göründüyü kimi, minlərlə yevlaxlı futbolsevər hələ bir neçə həftə də dişini sıxmalı olacaq. “Karvan-Yevlax”ın 10-cu turda “Zirə”yə qarşı keçirəcəyi ev oyununa isə Şamaxıda şahidlik etməli olacağıq.

KƏNAN BAHADIR
Seçilən
61
1
football-plus.az

2Mənbələr