Xocalı rayonunun Təzəbinə və Ballıca, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi və Sos kəndlərinə növbəti köç prosesi gerçəkləşib
Bu gün Qarabağın və Şərqi Zəngəzurun yenidən dirçəldilməsi üçün böyük layihələr həyata keçirilir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə etdikləri hər səfər xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Çünki bu səfərlər zamanı Qarabağda və Şərqi Zəngəzurda yeni müəssisələrin təməli qoyulur, açılışlar edilir, həmin rayonların sosial-iqtisadi inkişafı üçün ciddi bazalar, infrastruktur yaradılır. Erməni vandalizminin qurbanı olan tarixi və dini abidələrimizin, məscidlərimizin bərpası istiqamətində də işlər uğurla həyata keçirilir. Həmin abidələrin yenidən qurulub ərsəyə gəlməsində Heydər Əliyev Fondu yaxından iştirak edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri və rəhbərliyi ilə Fondun reallaşdırdığı layihələrin əhatə dairəsi olduqca genişdir.
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək 5 Milli Prioritetindən biri kimi müəyyən olunub. Otuz ilə yaxın işğal altında qalan Qarabağ və Şərqi Zəngəzur bu gün özünün yeni inkişaf dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə I Dövlət Proqramı uğurla icra olunur. Prezident İlham Əliyevin oktyabrın 28-də Cəbrayıl rayonuna səfəri zamanı rayonun Horovlu kəndinin sakinlərinə mənzillərin açarlarını təqdim etməsi bunun bariz nümunəsidir.
Hazırda Qarabağ və Şərqi Zəngəzur nəhəng tikinti meydanına çevrilib. Yollara yeni asfalt döşənir, məscidlərə yeni üzlüklər çəkilir, körpülər salınır, hava limanları tikilir. Bölgənin su resursları, münbit torpaq şəraiti, iqlimi imkan verir ki, Azərbaycanın gələcəkdə də ərzaq təhlükəsizliyi problemini həll etsin. Qısa zamanda Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevriləcək. Bu məsələ dövlətin strateji hədəfinə çevrilib və Böyük Qayıdış Proqramına uyğun olaraq, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması üçün dövlət bütün imkanlarını səfərbər edib. Hazırda həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir.
Oktyabrın 28-də Xocalı rayonunun Təzəbinə və Ballıca kəndlərinə növbəti köç prosesi həyata keçirilməsi bunun əyani təsdiqidir. Bu mərhələdə hər iki kəndə ümumilikdə 123 nəfərdən ibarət 30 ailə qayıdıb. Onlardan 72 nəfər (17 ailə) Təzəbinə kəndinə, 51 nəfər (13 ailə) isə Ballıca kəndinə köçürülüb.
Sakinlərə mənzillərin açarlarını təqdim edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, Prezident İlham Əliyevin tapşırıqları və imzaladığı sərəncamlar əsasında Böyük Qayıdış Proqramı ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində Təzəbinə və Ballıca kəndlərində sakinlərin rahat yaşayışı üçün bütün zəruri şərait yaradılıb. Hər iki kənddə müasir standartlara uyğun yaşayış evləri, məktəb, sosial və ictimai obyektlər, mühəndis-kommunikasiya xətləri və yeni yollar istifadəyə verilib. Qeyd edək ki, bu köç mərhələsi daxil olmaqla Təzəbinə kəndinə ümumilikdə 113 ailədən ibarət 501 nəfər, Ballıca kəndinə isə 228 ailədən ibarət 1016 nəfər köçürülüb.Xocalı rayonunun digər kəndlərinə də mərhələli şəkildə köç prosesi davam etdiriləcək.
Bundan başqa, oktyabrın 28-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşub. Qırmızı Bazar qəsəbəsi 20 ailə olmaqla 71 nəfərə, Sos kəndi isə 10 ailə olmaqla 42 nəfərə qucaq açıb. Azərbaycan dövləti tərəfindən hər iki yaşayış məntəqəsində sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və kommunikasiya xətləri bərpa edilib. Bununla, hər iki yaşayış məntəqəsinə artıq ikinci köç gerçəkləşib. Daha əvvəlki köçdə Qırmızı Bazar qəsəbəsində 10 ailə olmaqla 39 nəfərin, Sos kəndində isə 10 ailə olmaqla 47 nəfərin məskunlaşması təmin edilib.
Onu da qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.
Böyük fərəh hissi ilə deyə bilərik ki, genişmiqyaslı layihələrin uğurla reallaşdırılması sayəsində Qarabağa və Şərqi Zəngəzura köçürülən insanlar firavan həyat sürürlər. İşğaldan azad olunmuş ərazilərin sürətlə bərpa edilməsi, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramının uğurla reallaşdırılması məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, Azərbaycan dövlətinin gücünün və qüdrətinin əyani göstəricisidir. Azərbaycan tarixi Zəfər yürüşünü inamla davam etdirərək işğaldan azad edilmiş ərazilərimizi cənnətə çevirərək bir daha öz qüdrətini bütün dünyaya nümayiş etdirəcək.
Zahid Rza, “İki sahil”