AZ

Koçaryan və Sarkisyanın revanşist ritorikası sabitliyə təhdiddir

Bu üzdəniraq eks-prezidentlər Ermənistana inkişaf modeli təklif edə bilmir. Onların təklif etdiyi yeganə şey - qorxu modelidir: Azərbaycan qorxusu, Türkiyə qorxusu, Qərb qorxusu, islahat qorxusu. Gələcəyindən qorxan ölkə, keçmişdəki səhvləri təkrar etməyə məhkumdur.

Ermənistanın sabiq prezidentləri Koçaryan və Serjik Sarkisyanın revanşist ritorikası bu ölkənin gələcəyi və regiondakı sabitlik üçün ciddi təhlükə mənbəyidir. Onların illüziyalara əsaslanan “yenidən müharibə” və “itirilmiş əraziləri qaytarmaq” kimi populist çağırışları Ermənistan cəmiyyətində keçmişə qayıdış arzusu formalaşdırmaqla sülh prosesini zədələyir. Halbuki reallıq tam fərqlidir. Regionda yeni geosiyasi reallıq yaranıb, Azərbaycan öz suverenliyini tam bərpa edib və Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün şərait formalaşıb. Koçaryan-Sarkisyan cütlüyü bu reallığı qəbul etməyərək, daxili siyasi auditoriyaya yönəlik manipulyativ bəyanatlarla vəziyyəti gərgin saxlamağa çalışır. Bu iki revaşist siyasi gələcəklərini qarşıdurma və qorxu üzərində qurmağa çalışdıqları üçün sülh prosesinə sistemli şəkildə mane olurlar. Onlar Qarabağdan köçən  erməniləri öz siyasi məqsədlərinə alət edir, kilsəni isə ictimai fikrə təsir vasitəsi kimi istifadə edirlər. Beləliklə, bu iki üzdəniraq siyasətçi Ermənistanı irəli aparmaq əvəzinə, onu yenidən keçmişin səhvlərinə sürükləyir.  Onların əsas məqsədi Ermənistan daxilində siyasi revanş əldə etmək, hazırkı hakimiyyətə təzyiq göstərmək və Qərblə-Rusiya arasında balansı pozmaqdır. Bu isə təkcə Ermənistan üçün deyil, bütün region üçün risk yaradır. Çünki gərginliyin yenidən alovlanması iqtisadi və humanitar baxımdan ciddi fəsadlara səbəb ola bilər. Robert Koçaryan Ermənistanın “5-ci kanal”ına müsahibəsində baş nazir Nikol Paşinyanı sərt tənqid edib, guya “geosiyasi reallıqlardan çıxış etdiyini” bildirib və açıq şəkildə Rusiyanın himayəsinə arxalandığını etiraf edib. Lakin bu ritorikanın arxasında gizlənən sadə bir həqiqət var: Robert Koçaryan artıq siyasi keçmişin simvoluna çevrilib və onun hakimiyyətə qayıtmaq ehtimalı, demək olar ki, sıfırdır. Bunun əsas səbəbi yalnız onun keçmişdə həyata keçirdiyi siyasət və qərarlar deyil, həm də Ermənistanın bugünkü sosial, geosiyasi və seçki reallıqlarının tamamilə dəyişməsidir. Əgər Koçaryanın “proqram” adlandırdığı fikirlər zəncirinə nəzər salsaq, bu, əslində 1990-cı illərin sonlarında formalaşmış köhnə baxışların bu günün qorxularına uyğunlaşdırılmış primitiv xülasəsidir. Türkiyə və Azərbaycanın guya “təsirini məhdudlaşdırmaq” üçün Rusiya hərbi mövcudluğuna bel bağlamaq, sərt geosiyasi ritorika ilə cəmiyyətə təsir göstərmək və region ölkələri ilə iqtisadi inteqrasiyanın əhəmiyyətini kiçiltmək bunların-hamısı müasir erməni cəmiyyətinin nə maraqlarına, nə də gələcək perspektivinə uyğun gəlmir. Bu səbəbdən də Koçaryanın yenidən siyasi səhnədə canlanmaq cəhdləri daha çox nostalji və revanşist duyğuların təzahürüdür. Ermənistan isə bu gün tam fərqli reallıqda-sülh, iqtisadi əməkdaşlıq və regional inteqrasiya istiqamətində yeni yol seçib.

Əhalinin şüurunda hərbi düşüncənin dərin kök salması və beynəlxalq təcridin davam etməsi artıq Ermənistan cəmiyyətində bezdirici və ümidləri boğan bir vəziyyət yaradıb. Koçaryanın avtoritar idarəçiliyi dövrü-məhkəmə və siyasi sistemin ələ keçirilməsi, iqtisadiyyatın oliqarxların nəzarətinə verilməsi, repressiyaların adi hala çevrilməsi ictimai yaddaşda klan korrupsiyasının simvolu kimi qalıb. Müasir şəraitdə bu yanaşmanın bərpası ölkəni daha da dərin böhrana sürükləyə bilər. Çünki regionda yeni geosiyasi reallıqlar formalaşır, sülh, iqtisadi əməkdaşlıq və nəqliyyat əlaqələrinin açılması tendensiyaları üstünlük təşkil edir. Köhnə hərbi düşüncə və revanşist çağırışlar isə bu proseslərə ziddir və Ermənistanın gələcəyini risk altına qoyur. Bu mənada, Köçəryan və Sərkisyan kimi fiqurların yenidən aktivləşməsi təkcə keçmişin kölgəsi deyil, həm də sabitlik və inkişaf perspektivləri üçün real təhlükədir. Bu dövrə yenidən qayıtmaq əslində, Ermənistana zamanı geri çevirməyi təklif etmək deməkdir. Bu isə nəinki qeyri-mümkündür, həm də dövlətin gələcəyi üçün ciddi təhlükə yaradır. Gənc nəsil, bu gün Ermənistanın seçici kütləsinin ən fəal və dinamik təbəqəsini təşkil edən insanlar  artıq keçmişin sovet təfəkküründən, imperiya nostaljisinə əsaslanan siyasətdən uzaqlaşıb. Onlar üçün mühüm olan şey ideoloji düşmən obrazı deyil, sülh, texnoloji inkişaf, açıq iqtisadiyyat və beynəlxalq əməkdaşlıqdır. Bu nəsil informasiya dövründə yetişib və dünyaya qapalı deyil. Onlar müasir, azad və postmilitarist Ermənistan görmək istəyirlər. Belə bir şəraitdə Köçəryanın “Azərbaycanın iştahası” və ya “türk təhdidi” kimi ritorikalarla cəmiyyəti qorxu içində saxlamaq cəhdləri artıq heç bir sosial dayağa malik deyil. Bu şüarlar yalnız köhnə siyasi təbəqə üçün emosional dəyər daşısa da, gənc seçicilər üçün həm mənasız, həm də səmimiyyətsiz səslənir. Çünki hamı anlayır ki, 2020-ci ildə Ermənistanın məğlubiyyəti yalnız hərbi deyil, həm də ideoloji idi .  Koçaryan və onun dövründə formalaşmış təcridçi və reallıqdan uzaq siyasətin nəticəsi idi. Bu gün ölkə həmin səhvlərin ağır nəticələrini hələ də yaşamaqdadır. Ermənistanın qarşısında duran əsas çağırış artıq “təhdidlərlə mübarizə” deyil, regionla sülh, əməkdaşlıq və iqtisadi inteqrasiya yolu ilə çıxış tapmaqdır. Gənc nəsil bunu anlayır, lakin Koçaryan kimi köhnə siyasi fiqurlar hələ də keçmiş illüziyaların əsiridir. Onlar bu gün də hesab edirlər ki, Ermənistanın təhlükəsizliyinin yeganə təminatı Rusiyadır. Lakin bu yanaşma artıq reallığa uyğun deyil. Cənubi Qafqazda geosiyasi balans dəyişib, Rusiya isə əvvəlki təsir imkanlarını itirib. Ermənistan cəmiyyətində Moskvanın “zəmanətçi” roluna inam kəskin şəkildə azalıb.

Bunu son illərin hadisələri, xüsusən də Rusiya sülhməramlılarının Qarabağdan faktiki müqavimətsiz çıxması aydın şəkildə göstərdi. Gümrüdə yerləşən Rusiya hərbi bazası artıq təhlükəsizlik qarantı deyil, sovet mirasının davamı kimi keçmişin simvoluna çevrilib. Bu vəziyyətdə Kreml nə regional nəqliyyat dəhlizlərinin idarəsində, nə də iqtisadi layihələrin reallaşmasında real təsir gücünə malikdir. Koçaryanın Rusiyanı “dünyanın gündəmini müəyyən edən üç gücdən biri” kimi təqdim etməsi də bu arxaik düşüncənin davamıdır. O, Ermənistanın real maraqlarından deyil, köhnəlmiş imperiya asılılığı düşüncəsindən çıxış edir. 2000-ci illərin əvvəlində qulaqlara xoş gələn bu ritorika 2025-ci ildə həm zamanla ayaqlaşmayan, həm də siyasi reallıqdan uzaq səslənir. Ermənistan cəmiyyəti artıq bu tip “köhnə dünyagörüşlü” siyasətçilərin təkrar olunan bəyanatlarına inanmır, çünki bu ritorika nə gələcək vəd edir, nə də çıxış yolu göstərir.  Belə şəraitdə Koçaryanın “Rusiya faktoru”na əsaslanan ritorikası hətta ənənəvi Rusiya tərəfdarı elektorat üçün də inandırıcılığını itirib. Ermənistan cəmiyyəti bu gün yeni təhlükəsizlik modelinə, daha çox balanslı və müstəqil siyasətə ehtiyac duyur.

Koçaryanın arxalandığı müxalifət düşərgəsi də dərin fikir ayrılıqları içindədir. Onun “küçə mübarizəsi” çağırışları cəmiyyətdə real dəstək tapmadığından nəticəsiz qalır. Paşinyana qarşı impiçment tələbləri isə nə hüquqi, nə də parlament əsasına malikdir, sadəcə   siyasi ritorika səviyyəsində qalır. Koçaryanın özünü “təcrübəli xilaskar” kimi təqdim etməsi də artıq inandırıcılığını itirib. Ermənistan müxalifəti bu gün vahid strategiyadan, ümumi vizyondan və liderlik potensialından məhrumdur. Bu mənzərədə Koçaryan nə yeni siyasi nəfəs gətirə bilir, nə də real alternativ təqdim edir. 

Koçaryanın siyasi ritorikasında ən çox manipulyasiya etdiyi mövzulardan biri də Zəngəzur dəhlizidir. O, bu məsələni Paşinyanın guya “diplomatik fiaskosu” kimi təqdim edir və Syunik vilayətinin “mübahisəli əraziyə çevrildiyini” iddia edir. Lakin bu arqumentlər nə hüquqi, nə də məntiqi baxımdan əsaslıdır.

Əvvəla 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda regionda bütün kommunikasiya xətlərinin açılması birmənalı şəkildə təsbit olunub. Yəni, bu, təkcə Azərbaycanın deyil, Ermənistanın da beynəlxalq öhdəliyidir. Koçaryanın bu faktı bilərəkdən görməməsi onun ictimai rəyi manipulyasiya etmək və reallığı təhrif etmək niyyətindən qaynaqlanır.

Digər tərəfdən, “yolun icarəsi” modeli Ermənistanın suverenliyinə heç bir təhlükə yaratmır. Burada söhbət qarşılıqlı iqtisadi fayda gətirən nəqliyyat marşrutunun qurulmasından gedir. Belə tranzit mexanizmləri Avropa daxilində də mövcuddur. Məsələn, Lüksemburq, İsveçrə, Avstriya kimi ölkələr arasında oxşar razılaşmalar uzun illərdir işlək vəziyyətdədir və heç bir suverenlik problemi doğurmur. Koçaryanın “yol polisi”, “məhkəmə yurisdiksiyası” kimi qorxular yaratmaq cəhdləri isə ictimai fikri yönləndirmək məqsədi daşıyır. Əslində, Zəngəzur dəhlizi regionu təcriddən çıxara, Ermənistanı iqtisadi canlanma və yeni əməkdaşlıq imkanlarına açıq bir ölkəyə çevirə bilər. Bu reallığı inkar etmək  Ermənistanı keçmişin qorxuları içində saxlamaqdan başqa bir şey deyil.

O, Zəngəzur dəhlizinin açılmasını “təhlükə” kimi qələmə verir, lakin Ermənistan iqtisadiyyatının dirçəlişi üçün konkret, real mexanizmlər irəli sürmür. Koçaryanın təklif etdiyi yeganə “yol xəritəsi” hərbi asılılıq və xarici patronaj üzərində qurulub. Halbuki belə bir düşüncə tərzi ölkəni inkişafdan və regional əməkdaşlıqdan uzaqlaşdıraraq, onu yenidən təcrid və böhran spiralına salır.

Robert Koçaryan son çıxışlarında Ermənistan Apostol Kilsəsini (EAK) “qorumaq” şüarı ilə çıxış edir. Paşinyan hökumətinin kilsəyə qarşı “sistemli hücum” həyata keçirdiyini iddia edir. Lakin bu mövqe dini dəyərlərin səmimi müdafiəsi deyil, siyasi manipulyasiya vasitəsidir. O, kilsəni mənəvi dəyər məkanı kimi deyil, ictimai təsir aləti kimi istifadə etməyə çalışır. Məhz elə prezident olduğu dövrlərdə etdiyi kimi. Eçmiədzində keçirilən mitinqin “imanımıza qarşı çıxış” kimi təqdim olunması da bu manipulyativ taktikanın davamıdır. Koçaryan yaxşı bilir ki, erməni cəmiyyətində dini təsir hələ də bəzi dairələrdə siyasi səfərbərlik üçün əlverişli resursdur. Lakin bu resurs getdikcə tükənir. xüsusilə şəhər əhalisi və gənc nəsil artıq dini ritorikanı siyasi məqsədlərlə sui-istifadə forması kimi qəbul edir.

Koçaryan bu gün Ermənistana real inkişaf modeli deyil, yalnız qorxu üzərində qurulmuş keçmişin kölgəsini təklif edir. Onun ritorikasında əsas motiv “təhlükə”dir.  Azərbaycan, Türkiyə, Qərb, hətta islahatların özündən belə qorxu. Tarix göstərib ki, qorxu ilə idarə olunan cəmiyyətlər dəyişmir, sadəcə, öz səhvlərini təkrarlayır. Robert Koçaryanın yenidən böyük siyasətə qayıtmaq şansları isə reallıqla toqquşur. Bunu anlamaq üçün sadəcə faktlara baxmaq kifayətdir. 2021-ci il 20 iyun növbədənkənar parlament seçkilərində onun liderlik etdiyi “Ermənistan” bloku cəmi 21,1 faiz səs topladı. Müqayisə üçün, Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyası 53,9 faiz dəstəklə inamlı qələbə qazandı. Təxminən 50 faizlik seçici fəallığı fonunda bu nəticə Koçaryana cəmi 300 minə yaxın seçicinin səs verdiyini göstərir. Yəni, 2,6 milyon seçicisi olan ölkədə cəmiyyətdə onun təsir imkanları minimal səviyyədədir. Bu rəqəmlər təkcə statistik məlumat deyil, həm də ictimai tendensiyanın göstəricisidir. Ermənistan seçicisi artıq avtoritar keçmişin simvollarına yox, dəyişiklik və islahat çağırışına üstünlük verir. Koçaryanın revanş arzusu isə keçmişin kölgəsində donub qalmış bir siyasətçinin uğursuz cəhdidir.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Seçilən
105
ikisahil.az

1Mənbələr