BAKI, 29 oktyabr. TELEQRAF
Finlandiya ordusu 2026-cı ildən etibarən NATO standartlarına uyğun atıcı silah sistemlərinə keçidə başlayacaq.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinə istinadən "Helsingin Sanomat" qəzeti məlumat yayıb.
Hazırda Finlandiya Müdafiə Qüvvələrinin əsas silahı sovet “Kalaşnikov” avtomatına əsaslanan RK62 avtomatik tüfəngləridir. Bu silahlar 7,62×39 mm kalibrli patronlardan istifadə edir.
Yeni plana əsasən, 2026-cı ildən etibarən ordu NATO-da qəbul olunan 5,56×45 mm, 7,62×51 mm, 9×19 mm və 12,7×99 mm kalibrli sursatlara keçəcək. Mövcud kalibrlər isə müəyyən müddət orduda qalacaq, lakin onların əlavə alınması artıq planlaşdırılmır.
Ekspertlər hesab edirlər ki, bu keçid Finlandiyanın NATO ilə hərbi inteqrasiyasını sürətləndirəcək və alyans ölkələri ilə əməliyyat uyğunluğunu artıracaq.
 
                        