AZ

Berlində Almaniya Ortopediya və Travmatologiya Konqresi işə başlayıb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Berlin, 28 oktyabr, AZƏRTAC

Berlində “İrəliləyişi birgə formalaşdıraq” devizi altında Almaniya Ortopediya və Travmatologiya Konqresi (DKOU) işə başlayıb.

AZƏRTAC xəbər verir ki, dördgünlük konqresə 50-dən çox ölkədən 8 minədək iştirakçı qatılıb.

Almaniya Ortopediya və Travmatologiya Konqresi (DKOU) Avropada bu sahədə ən böyük tibbi konfransdır. DKOU Amerika və Çin peşə təşkilatlarının illik konqresləri ilə yanaşı, dünya üzrə ortopediya və travmatologiya sahəsində ən böyük konqreslərdən hesab olunur.

Konqresdə son illərdə tibbin müvafiq sahələrində ənənəvi üsulların yeni çağırışlara cavab vermək imkanlarının zəifləməsi nəzərə alınaraq, dəyişikliklərə daha sürətlə reaksiya verilməsi yolları, bu sahədə qabaqcıl təcrübə və ən son elmi-texniki yeniliklər müzakirə olunur.

Elmi-praktiki konqresdə daha uzun və sağlam yaşamaq, müharibələrdə xəsarət alanların müalicəsində əməkdaşlıq, “Ortopediya 2040 - Gələcəyə baxış” nəzəriyyəsi, müharibə, fəlakət və böhranlar zamanı tibbi xidmətin dayanıqlılığı, uşaqlarda geniş yayılmış bel və bud ağrısı, süni oynaqlar, qadın sağlamlığı, ümumi cərrahiyyənin inkişafı, xəstəxana sistemində islahatlar kimi ortopediya və travmatologiya sahəsində ən aktual məsələlər barədə təcrübə mübadiləsi aparılır.

Konqres çərçivəsində açılan sərgidə Almaniyanın və dünyanın bir sıra ölkələrinin tibbi texnologiya avadanlıqları istehsal edən 200-dən çox şirkətinin ən müasir tələblərə cavab verən məhsulları nümayiş etdirilir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
azertag.az

1Mənbələr