AZ

Keçmiş məcburi köçkün: 29 yaşımda çıxmışdım, 61 yaşımda geri dönürəm

Bakı, 29 oktyabr, AZƏRTAC

“Otuz ildən sonra biz doğma kəndimizə köçürük. Allaha şükürlər olsun!

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə uzun ömür və sağlamlıq versin. Bu günü görmək, bu həyəcanı yaşamaq bizim üçün böyük xoşbəxtlikdir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ağdamın Xıdırlı kəndinə köçən keçmiş məcburi köçkün İdris İbadov söyləyib.

O, bu gün çox sevindiyini bildirib: "Bu elə bir sevincdir ki, Allah bütün qaçqın və köçkünlərimizə bu hissi yaşamağı nəsib etsin. Biz kəndimizdən çox faciəli şəkildə çıxmışdıq - o vaxt mühasirələrdən ayaqyalın, başıaçıq qaçaraq canımızı qurtarmışdıq.

Bu gün isə tam fərqli mənzərədir: dövlətimiz bizə hər cür şərait yaradıb, yük maşınları ilə, rahat nəqliyyat vasitələri ilə bizi doğma yurdumuza yola salırlar. Bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm".

İ. İbadov əlavə edib ki, oradan çıxanda 29 yaşı var idi, bu gün isə 61 yaşında geri qayıdır.

"Həyat yoldaşım və uşaqlarım ilə birlikdə doğma kəndimizə qayıdıram",- deyə keçmiş məcburi köçkün əlavə edib.

 

Seçilən
48
4
azertag.az

5Mənbələr