Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında paraflanmış sülh gündəliyi uzun illər düşmənçilik şəraitində yaşamış iki ölkənin münasibətlərində yeni səhifənin açılmasının başlanğıcı oldu. Vaşinqtonda ABŞ, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin iştirakı ilə sülh sazişi paraflandı, ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı müraciət imzalandı. Yekun sülh sənədinin imzalanması üçün əsas maneə olan iki məsələdən biri tarixin arxivinə göndərildi.
Milli Məclisin deputatı Azər Badamov qəzetimizə açıqlamasında bildirib ki, sülh gündəliyi hər gün inkişaf edir və genişlənir: "Təbii ki, 30 illik işğaldan sonra xalqlarımızın bir-birinə yaxınlaşması üçün müəyyən zamana ehtiyac duyulacaq. Çünki ermənilər azərbaycanlılara qarşı soyqırımları törədib, yaşayış məntəqələrini yerlə yeksan edərək sakinlərini məcburi köçkün və qaçqın olmağa məcbur edib. Bu acı tarixi iki ölkə arasında imzalanmış sənədlə qısa müddətdə aradan qaldırmaq mümkün deyil. Amma reallıq odur ki, xalqlarımızın yenidən inteqrasiyası və ölkələr arasında münasibətlərin normallaşdırılması üçün davamlı şəkildə addımlar atılmaqdadır".
Deputat qeyd edib ki, əvvəllər ölkə liderlərinin görüşləri kənar təşəbbüslərlə baş tuturdusa, indi müxtəlif beynəlxalq platformalarda gerçəkləşir. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında keçirilən müzakirələrin gündəliyi sülh və əməkdaşlıq üzərində qurulur. Bu, yeni reallığın yaratdığı imkanlardır. "Oktyabrın 21-də Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri çərçivəsində Astanada keçirilən mətbuat konfransında Azərbaycan üzərindən Ermənistana tranzit yüklərin daşınmasına məhdudiyyətlərin aradan qaldırıldığını bildirdi. Təbii ki, bu xəbər Ermənistan üçün gözlənilməz oldu. Ermənistan müxalifəti Azərbaycanın öz ərazisindən tranzit yüklərin daşınmasına heç vaxt imkan verməyəcəyini səsləndirərək ictimaiyyətdə fikir formalaşdırırdı. Dövlət başçımızın qərarı onların bu iddalarını da darmadağın etdi", - deyə o əlavə edib.
A.Badamov Azərbaycan üzərindən daşınacaq ilk yükün Qazaxıstandan Ermənistana Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ilə göndərilən taxıl olduğunu xatırladaraq, bunun taxıl olmasının rəmzi məna daşıdığını da bildirib. Çünki taxıl strateji məhsuldur və bu, bizim Ermənistana çörək yolunu açdığımız mənasını daşıyır.
Deputat vurğulayıb ki, Ermənistan taxılı Azərbaycan üzərindən daha rahat şəkildə idxal etməklə, özünün ərzaq təhlükəsizliyini təmin edəcək. Gürcüstanda qədim İpək yolu forumunda iştirak edən Ermənistanın Baş naziri Nikol Paşinyan bu məsələyə dərhal reaksiya verərək tranzit yüklərin daşınmasına maneələri aradan qaldırdığına görə Prezident İlham Əliyevə öz minnətdarlığını ifadə edib. Paşinyan Azərbaycanla Gürcüstan arasındakı dostluğa həsəd apardığını gizlətməyərək, Ermənistanın da Azərbaycanla eyni münasibətləri yaratmaq arzusunda olduğunu bildirib. "Ölkə başçımızın açıqlaması Ermənistan ictimaiyyətində də böyük bir sevinclə qarşılandı. Qazaxıstandan daşınacaq yüklərdən sonra Rusiyanın Baş nazirinin birinci müavini Overçuk da Azərbaycanla danışıqlar apardığını və Rusiyadan da yüklərin ölkəmiz üzərindən Ermənistana daşınmasının razılaşdırıldığını bildirdi. Əslində, son 5 ildə biz Ermənistana bu reallığı izah etməyə çalışırdıq, amma onlar yaranmış reallığa şübhə ilə yanaşır və sülh gündəliyinin irəli aparılmasında maraqlı görünmürdülər", - deyə o bildirib.
A.Badamov qeyd edib ki, Ermənistan Azərbaycanla münasibətlərin normallaşmasının özü üçün nə qədər faydalı və vacib olduğunu anlamağa başlayıb. Azərbaycan sülhün ancaq kağız üzərində deyil, həm də praktikada reallaşdığını sübut edir. Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi ancaq tranzit yüklərin daşınmasına tətbiq olunmuş məhdudiyyətlərin aradan qaldırılması ilə bitmir. Burada ictimaiyyət arasında etimad mühitinin yaradılması istiqamətində tədbirlərin genişləndirilməsi də günün reallığına çevrilib. Belə ki, vətəndaş cəmiyyətinin nümayəndələri İrəvanda görüşüblər. Uzun illərdən sonra Azərbaycan Hava Yollarına aid təyyarə birbaşa Ermənistanın Zvartnos hava limanına eniş edib. Bu hadisə ictimaiyyət tərəfindən də çox maraqla qarşılanıb. Bu, artıq etimad mühitinin yaradılmasının ilk addımıdır.
Deputat deyib ki, İrəvana səfərə getmiş nümayəndə heyətimiz Ermənistanın Təhlükəsizlik Şurasının katibi Qriqoryanla da görüş keçirib. Təbii ki, səfərin məqsədi etimad mühitinin genişləndirilməsidir. Bu, sülh gündəliyinin inkişaf etdirilməsi üçün atılan növbəti addımlardır.
A.Badamovun fikrincə, Azərbaycan və Ermənistan eyni coğrafiyada yerləşən qonşu dövlətlər olduğu üçün iki ölkə arasında sülh və əməkdaşlığın yaranması, xalqlar arasında münasibətlərin formalaşdırılması vacibdir: "İki qonşu ölkə əbədi olaraq düşmən ola bilməz. Bu düşmənçiliyə son qoymağın bir nöqtəsi olmalı idi. Bu nöqtə də 8 noyabr 2020-ci ildə əldə etdiyimiz böyük zəfərimizlə qoyuldu. Beş ildir ki, torpaqlarımız azaddır. Qarabağda separatçılığın yuvası dağıdılıb və ərazilərimizdə suverenlik tam bərpa edilib. Tezliklə Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi də imzalanacaq. Zəngəzur dəhlizi də açılacaq. Zəngəzur dəhlizinin açılması regionumuza real sülh və əməkdaşlıq gətirəcək".
Əsmər QARDAŞXANOVA,
" Azərbaycan"