AZ

Türkiyə Azərbaycanın müttəfiqi, strateji tərəfdaşıdır

Çağdaş dünyada ikinci elə bir dövlət yoxdur ki, onu Azərbaycan ilə Türkiyə kimi sıx tellər birləşdirsin. Qədim dövlətçilik ənənələrinə malik olan Türkiyə tarixin və zamanın sınağından dəfələrlə üzüağ çıxaraq dünya dövlətləri cərgəsində özünəməxsus öncül mövqe tutmuşdur. Bu gün Türkiyə Cümhuriyyətinin qurucuları ulu babalarından miras qalmış adət-ənənələrə sadiq qalaraq çağdaş, dünyəvi, demokratik bir dövləti inkişaf etdirirlər. 

Türkiyə Cümhuriyyəti nəinki Yaxın və Orta Şərq bölgəsində, eyni zamanda Avropa və Asiyada bir sıra beynəlxalq problemlərin dinc vasitələrlə həllinə təsir göstərə biləcək aparıcı dövlətlərdən biridir. Təsadüfi deyil ki, dünyanın müxtəlif guşələrində yerləşən 27 ölkədə Türkiyə Silahlı Qüvvələri sülh missiyasını yerinə yetirərək orada dinc həyatı təmin edir.     

Türkiyə iqtisadiyyatı dünyada 18-ci, Avropada isə 6-cı yerdə qərar tutub. Ümumi daxili məhsulun həcminə görə inkişaf etməkdə olan ölkələr arasında lider mövqelərdən birini tutur. Türkiyə iqtisadiyyatında 2025-ci ilin ikinci rübündə gözləniləndən daha çox 4,8 faiz  ümumi daxili məhsul artımı qeydə alınıb ki, bu da sərt pul siyasətinə baxmayaraq, dayanıqlılığı göstərir. Türkiyə iqtisadiyyatının 2025-ci ildə 3,1 faiz artacağı gözlənilir. Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşlarının əsas hissəsi Avropa İttifaqı ölkələrindən gəlir. İran körfəzi əmirliklərindən Türkiyə iqtisadiyyatına qoyulan sərmayələrin həcmi də gündən-günə artmaqdadır. Bu, eyni zamanda çoxsaylı gənclərin yaşadığı Türkiyə kimi bir ölkə üçün xeyli sayda iş yerlərinin açılması deməkdir. 

Türkiyə ərazisində qədim sivilizasiya məskənlərinin mövcud olması, onun qədim qala və tarixi abidələrlə zənginliyi, Araliq dənizi sahillərində yerləşən gözoxşayan çimərliklər, füsunkar təbiət və əlverişli iqlim şəraiti, dadlı və ləzzətli türk milli mətbəxi və heç kəsin imtina etmədiyi sitrus meyvələri, xüsusilə də yerli əhalinin qonaqpərvərliyi xarici turistlərin bu qardaş ölkəyə axışıb gəlməsinə şərait yaradır. Hər il bu cənnətməkan ölkəyə təqribən 80 ölkədən 35-40 milyon turist gəlir. Sevindirici haldır ki, onlar öz ölkələrinə xoş və yaddaqalan xatirələrlə dönürlər. 

1991-ci il noyabrın 9-da Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət Türkiyə oldu. Bundan sonra münasibətlər daha da irəliləyərək, 1992-ci il yanvarın 14-də iki ölkə arasında diplomatik münasibətlərin yaradılması haqqında protokol imzalandı. Digər ölkələrdən fərqli olaraq, Türkiyə ilə diplomatik əlaqələrin qurulması ilk günlərdən Azərbaycan dövləti üçün strateji əhəmiyyət kəsb edirdi.

Qarşılıqlı münasibətlərdə belə bir cəhət olduqca mühüm əhəmiyyət kəsb edir ki, hər iki qardaş dövlətin prezidentləri özlərinin xaricə ilk rəsmi səfərlərini bir-birinin ölkəsinə etmişlər. Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin arasında şəxsi dostluq əlaqələrinin səmimi, sıx və yüksək səviyyədə olması öz əksini qarşılıqlı siyasi-diplomatik münasibətlərin də yüksək səviyyədə olmasına zəmin yaradır. Onların tez-tez qarşılıqlı səfərləri isə qarşıya çıxan problemlərin çevik həllinə və bir sıra mühüm qərarların qəbul olunmasına təkan verir. 

2025-ci ilin aprelində "Parçalanan dünyada diplomatiyaya sahib çıxmaq" mövzusunda keçirilən 4-cü Antalya Diplomatik Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi üçün yeni imkanlar və prioritet istiqamətlər müzakirə olunub.  

Türkiyə-Azərbaycan parlament əlaqələri də intensiv inkişaf edir. Tez-tez geniş tərkibdə nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və görüşləri keçirilir. Ötən il İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla görüşüb. Görüşdə parlamentlərin iqlim dəyişmələri ilə əlaqədar çoxtərəfli platformalarda birgə fəaliyyətinin əhəmiyyəti də qeyd edilib. 

Azərbaycan Respublikası əsası hələ 2009-cu il oktyabrın 3-də Naxçıvan Muxtar Respublikasında qoyulmuş Türk Dövlətləri Təşkilatı (TDT) ilə əlaqələrinə hər zaman xüsusi diqqətlə yanaşıb və bu istiqaməti öz xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə əməkdaşlığını genişləndirmək və dərinləşdirmək üçün vacib bir platforma kimi yanaşır. Tərəflər arasında Türk Dövlətləri Təşkilatında əməkdaşlıq və birgə səylər Mərkəzi Asiya, Türk dövlətləri ilə əlaqələrin genişlənməsinə və inkişafına təkan verir. Bu təşkilat daxilində həm ikitərəfli, həm də çoxtərəfli şaxələnmiş əlaqələr mövcuddur.  

Enerji, nəqliyyat, infrastruktur kimi sektorlarda genişmiqyaslı layihələr həyata keçirilir. Enerji sektorunda əməkdaşlıq əlaqələrin inkişafında önəmli istiqamətlərdən birini təşkil edir. Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri kimi böyük enerji layihələri bu əməkdaşlığın əsas göstəriciləridir və bu layihələr sadəcə Azərbaycan və Türkiyəyə deyil, o cümlədən bölgənin və Avropanın enerji təhlükəsizliyinə önəmli töhfələr verir. 

Azərbaycan və Türkiyə münasibətlərinin inkişafı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi meqalayihələrin yaranmasına və bütün bölgənin inkişafına mühüm töhfələr vermişdir. TAP Azərbaycan və Türkiyənin dünyanın enerji daşıyıcılarının təhlükəsiz təminatına verdiyi daha bir önəmli layihədir.

44 günlük müharibə zamanı Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə dövləti və ictimaiyyəti bütünlüklə Azərbaycanın yanında oldular. Onlar Azərbaycana siyasi dəstək verdilər, eyni zamanda təcavüzkar Ermənistanın havadarlarını Azərbaycanın haqq işi uğrunda apardığı savaşa müdaxilədən qəti surətdə çəkinməyi tələb etdilər. 

Prezident İlham Əliyevlə görüşündə Azərbaycanın möhtəşəm Qarabağ qələbəsini xüsusilə qeyd edən Türkiyə Cümhuriyyətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün həmin dövrdə bütün Türkiyə xalqının nəbzinin Azərbaycan xalqı ilə birlikdə döyündüyünü xatırlatmışdı. 

Azərbaycanın Türkiyəyə yatırdığı investisiya 20 milyard dolları, Türkiyənin Azərbaycana investisiyası isə 12 milyard dolları ötüb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan böyük quruculuq işlərində qardaş Türkiyə 20-dən çox şirkətlə 50-yə yaxın layihə icra edir. Bu bərpa-quruculuq işlərinin ümumi dəyəri 4 milyard dollar təşkil edir. Ümumilikdə Qarabağ ərazisində Türkiyə şirkətləri tərəfindən toplam 62 kilometr uzunluqda tunel tikilir. Türkiyə şirkətləri Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının layihələşdirilməsində və tikintisində iştirak ediblər. 

Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsinin həcmi son illərdə əhəmiyyətli dərəcədə artıb. İkitərəfli ticarət dövriyyəsi 2024-cü ildə 7,6 milyard dollara çatıb. 2025-ci ilin fevral ayında Türkiyənin Azərbaycana ixracı 183 milyon dollar, Azərbaycanın Türkiyəyə ixracı isə 38,2 milyon dollar olub. Azərbaycanla Türkiyə ticarət əlaqələrini 15 milyard dollara çatdırmağı hədəfləyir. 2025-ci ilin yanvarında Türkiyə, Azərbaycan və Özbəkistan arasında imzalanan Ankara Bəyannaməsi ticarət, nəqliyyat və enerji sahələrində əməkdaşlığı gücləndirməyi hədəfləyir.

Azərbaycanın əsas ixrac məhsullarına xam neft, təbii qaz, neft-kimya məhsulları və kənd təsərrüfatı malları daxil olduğu halda, Türkiyədən idxal olunan məhsullar arasında sənaye avadanlıqları, maşınqayırma komponentləri, tikinti materialları və dərman vasitələri üstünlük təşkil edir. Preferensial Ticarət Sazişi bu əlaqələri daha da möhkəmləndirib.

Dövlətlərarası münasibətlərin elə bir sahəsi yoxdur ki, Azərbaycan və Türkiyə arasında yüksəksəviyyəli əməkdaşlıq münasibətləri qurulmasın. Yuxarıda qeyd olunanlara əlavə olaraq, iki dövlət səhiyyə, sosial müdafiə, ətraf mühit, kosmik fəza, yüksək texnologiyalar, kənd təsərrüfatı, qida təhlükəsizliyi, təbii sərvətlər sahələrində sıx əməkdaşlıq edir. 

Azərbaycanın qeyri-neft sektorunun inkişafında Türkiyənin böyük rolu var, bu da iki ölkə arasındakı iqtisadi əlaqələrin şaxələndirilməsinə kömək edir. Bu əməkdaşlıq uzunmüddətli perspektivdə hər iki ölkənin iqtisadi rifahına töhfə verən güclü bir təməl yaradıb.

Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) yarandığı gündən iş dünyasının maraqlarını təmsil edən ictimai birlikdir. O, Azərbaycanda fəaliyyət göstərən yerli və xarici ölkələrin iş adamlarını birləşdirən aparıcı qurumlardan biridir.

Azərbaycanın Türkiyəyə sərmayələri strateji xarakter daşıyır. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki ümumi investisiya həcmini 18 milyard ABŞ dollarından çox səviyyəyə çatdırıb.  Bu investisiyaların ən mühüm komponentlərindən biri İzmirin Əliağa bölgəsində yerləşən və 6,3 milyard ABŞ dolları dəyərində olan "STAR" Neft Emalı Zavodudur.

Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq da yüksək səviyyədədir. Qarşılıqlı hərbi əlaqələr diplomatik münasibətlər qurulduqdan dərhal sonra yaradılmışdır. Keçən dövr ərzində bu əlaqələr hərbi təhsil və kadr hazırlığı sahəsində davamlı surətdə inkişaf etmişdir. Döyüş silah-sursatı və hərbi taktika sahəsində inteqrasiya prosesi ardıcıl inkişaf etməkdədir. Hazırda iki qardaş ölkə arasında strateji tərəfdaşlıq haqqında sənədlər fəaliyyət göstərir. Bu sənədlər Azərbaycana qarşı ehtimal olunan istənilən hərbi təcavüzün  birlikdə dəf edilməsini nəzərdə tutur.          

Bu il sentyabrın 15-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu və onun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda işgüzar səfərdə oldu. Tərəflər hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və daha da genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. 

Azərbaycan və Türkiyə xoş günlərdə də, pis günlərdə də bir-birinin yanında olub, çiyin-çiyinə verərək bir sıra böhranlı halların, hər hansı bir təbii fəlakətin, genişmiqyaslı meşə yanğınlarının nəticələrini aradan qaldırıblar. Viran-edici zəlzələlər zamanı da belə olub. İki qardaş ölkənin yenilməz iradəsi ilə fəlakətin ağır nəticələri qısa zamanda aradan qaldırılıb.  

Azərbaycanla Türkiyə əlaqələrində zirvə sənəd olan Şuşa Bəyannaməsində ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyəti vurğulanıb.    

Azərbaycan və Türkiyə arasında elm-təhsil əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Ali təhsil, peşə təhsili, orta təhsil istiqamətindəki münasibətlər hər iki ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlib. Bu əməkdaşlığa nümunələr kimi iki ölkə arasında imzalanmış sənədlər, Türkiyənin Azərbaycanda peşə təhsili təcrübəsini tətbiq edən məktəblər açması, həmçinin tələbə mübadiləsi və universitetlərarası əlaqələr daxildir.

Təhsil Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlığın ən mühüm istiqamətlərindən biridir. Hazırda bu əməkdaşlığın yeni mərhələyə çatdırılması strateji hədəf kimi qarşıya qoyulmuşdur. 

Azərbaycan və Türkiyə universitetləri arasında ikili diplom proqramlarının işlənməsi, universitetlərarası qarşılıqlı tədqiqat mühitinin formalaşması inkişafa hədəflənib. İllərdir ki, Azərbaycanın və Türkiyənin bir sıra ali təhsil müəssisələri arasında kadrların peşəkarlığına, ali təhsil müəssisələrində çalışan pedaqoji heyətin peşə inkişafına hədəflənən müxtəlif tədbirlər, mübadilə proqramları həyata keçirilir. Həmçinin Türkiyənin və Azərbaycanın ali təhsil müəssisələri və elmi-tədqiqat mərkəzləri arasındakı əməkdaşlıq əlaqələri genişlənir.

Azərbaycan və Türkiyə dövlətlərinin müttəfiqlik səviyyəsində olan strateji tərəfdaşlığı gündən-günə möhkəmlənir. İki qardaş dövlət həm Cümhuriyyət günlərini, həm də Zəfər bayramlarını böyük coşqu və ürəklə hər il qeyd edirlər. İnanırıq ki, hər bir bayram həm Türkiyənin, həm də Azərbaycanın həyatın müxtəlif sahələrində qazandığı yeni uğurlarla yadda qalacaqdır. 

Atamoğlan MƏMMƏDLİ, 

BDU-nun dosenti

Seçilən
41
azerbaijan-news.az

1Mənbələr