AZ

İlin sonu yaxınlaşsa da, kəndlinin işi qurtarmır

İlin başa çatmasına az qalıb. İndi hər yerdə ötən dövr ərzində görülən işlərə  nəzər salınır, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinin vəziyyəti təhlil edilir. 

Belə bir dövrdə samuxluların da deməyə sözləri var. Onlar da il ərzində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi vəziyyətini götür-qoy edir,  istər aqrar, istərsə də digər sahələrdə perspektivləri müəyyənləşdirirlər. 

Bu il  rayon üzrə 24500 hektarda kənd təsərrüfatı məhsulları yetişdirilmişdir. 2372,7 hektarda meyvə, 901,2 hektarda üzüm, 10822 hektarda taxıl becərilmişdir. Sahələrdən 46672 ton taxıl yığılmışdır ki, bu da hər hektardan 43,1 sentner məhsul deməkdir.

Digər sahələrdə də uğurlu göstəricilərə nail olunmuşdur. Belə ki, 128 hektarda kartof, 613,5 hektarda tərəvəz, 92,5 hektarda bostan məhsulları, 2289,5 hektarda günəbaxan, 935,7 hektarda yazlıq qarğıdalı, 21 hektarda pambıq, 10,4 hektarda isə çiyələk yetişdirilmişdir. Yığım davam edir, əkinçilər məhsuldarlıqdan gileyli deyillər.

Məlum olduğu kimi, Samux Gürcüstanla həmsərhəd rayonlardandır. Məhz buna görə həmin ölkədən Azərbaycana müxtəlif heyvan və bitki xəstəliklərinin keçməməsi üçün daim profilaktik tədbirlər həyata keçirilir. İlin ötən dövründə də rayonun kənd təsərrüfatı mütəxəssisləri bütün bu işlərə ciddi nəzarət etmişlər. Bu məqsədlə 6588 hektarda ziyanvericilərə qarşı müşahidələr aparmış, 5059 hektarda kimyəvi mübarizə tədbirləri həyata keçirmişlər. Ümumiyyətlə, ev quşları, qaramal və davar arasında xəstəliklərə qarşı 9 adda peyvəndləmə aparılmışdır. Cari ilin ötən dövrü ərzində 21,5 min baş qaramal, 62,2 min baş davarda qarayara, çicək, bruselyoz, eləcə də hazırda geniş yayılan dabaq xəstəliklərinə qarşı tədbirlər görülmüşdür. 

Hazırda rayon üzrə 29462 hektar suvarılan əkin sahəsi var. Onun 11078 hektarı taxıl, 2427 hektarı günəbaxan, 17 hektarı pambıq, 735 hektarı xəsil, 6015 hektarı qarğıdalı, 912 hektarı meyvə, 1100 hektarı üzüm, 1173 hektarı bostan-tərəvəz sahələridir. Rayon Suvarma Sistemləri İdarəsi bu əkin sahələrini vaxtında suvarma suyu ilə təmin etmək üçün bütün imkanlardan istifadə edir. Cari ilin ötən dövrü ərzində subartezian quyularının istismarı üçün 36 yeni nasos alınmış, Seyidlər kənd nasos stansiyası bərpa edilmişdir. Bundan başqa, suötürücü kanallarda təmizləmə işləri görülmüşdür. 

Rayonun  29462 hektar əkin sahəsinin suvarılması Kolayır kəndində və Qarayeri qəsəbəsində fəaliyyət göstərən birliklər tərəfindən aparılır. Kolayır kəndində 14380, Qarayeri qəsəbəsində 15082 hektar əkin sahəsi mövcuddur. Hər iki əkin sahəsinin suvarma suyu ilə təminatı ciddi nəzarətdə saxlanılır və suvarma suyuna olan tələbat vaxtında ödənilir.  

Sabir ƏLİYEV,

"Azərbaycan" 

Seçilən
40
azerbaijan-news.az

1Mənbələr