Gənclər arasında boks üzrə ikiqat Avropa çempionu, dünya ikincisi, Çexiyada keçirilən Avropa çempionatında qızıl medal qazanan Bilalhəbəşi Nəzərov 2007-ci ildə Astaranın Təngərüd kəndində anadan olub.
Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının II kursunda təhsil alır. Kiçik yaşlarından boksla məşğuldur. Dəfələrlə yeniyetmələr və gənclər arasında respublika birinciliyinin və beynəlxalq yarışların qalibi olub.
Bu günlər gənc çempion doğma Astarada olub, rayon icra hakimiyyətində RİH-in başçısı Qəzənfər Ağayevlə görüşüb. Yüksək nailiyyətinə görə Bilalhəbəşi Nəzərovu təbrik edən Q.Ağayev deyib: "Prezident İlham Əliyev gənclərin hərtərəfli inkişafına, vətənpərvər, fiziki sağlam, bilikli, bacarıqlı yetişməsinə xüsusi diqqət və qayğı ilə yanaşır. Bunun nəticəsidir ki, elm, incəsənət və idman sahəsində gənclərimizin uğurları çoxdur. Gənclərimizin beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etməsi bizi hədsiz sevindirir və qürurlandırır. Sən də qələbələrinlə beynəlxalq idman arenalarında Azərbaycan bayrağını yüksəklərə qaldıran, himnini səsləndirən qürur duyduğumuz gənclərdən birisən. Bu yaşda belə yüksək uğura imza atmağın gənclərimiz üçün böyük stimuldur. Qarşıda daha böyük nailiyyətlərinin olacağına şübhə etmirəm. İnanıram ki, bundan sonra da fədakarlıqla çalışacaq, daha böyük uğurlara imza atacaqsan".
Gənc boksçu yüksək diqqət və qayğıya görə minnətdarlıq etmiş, bundan sonra da müntəzəm məşqlərlə üzərində daha çox çalışacağını, beynəlxalq boks yarışlarında uğurla çıxış edərək Azərbaycan bayrağını yüksəklərə qaldırmaq üçün əlindən gələni edəcəyini bildirib.
Görüşdə iştirak edən çempionun məşqçisi Ayaz Baxşıyev yetirməsinin çevik, çalışqan, tapşırıqların icrasına maksimum səy göstərən bir gənc olduğunu, gələcəyinə inandığını və böyük ümidlər bəslədiyini deyib.
"Azərbaycan"